8 MART 2021
DÜNYADAN XƏBƏRLƏR
Valideynlər «Xəbərlər» bölməsindəki məqalələrin köməyilə uşaqlarını sınaqlara hazırlayır
Bir çox Yehovanın Şahidləri «Xəbərlər» bölməsindəki məqalələr vasitəsilə uşaqlarına imanlarını möhkəmləndirməyə kömək edir.
Yaponiyada yaşayan Fumiko Takehara bacı saytımızda çıxan xəbərləri 12 yaşlı oğlu Naoki ilə oxuyub müzakirə edir. Onlar məqalələrdə haqqında danışılan bacı-qardaşların şəkillərini çap edib divardan asırlar. Fumiko bacı deyir: «Biz onların hər biri barədə dua edirik. Bu bacı-qardaşlar həbsdə olsalar da, Yehovanın verdiyi sevinci hiss edirlər. Bu bizə təsəlli verir. Yehovanın verdiyi sevinc onların simalarından görünür. Onların gözəl nümunəsi oğluma məktəbdə Yehovaya sadiq qalmağa kömək edir».
Kot-d’İvuarda yaşayan iki oğul atası Kilanko Zannu deyir: «Mən hər gün saytda təzə xəbərin çıxıb-çıxmadığını yoxlayıram». Kilanko ailəvi ibadət zamanı tez-tez xəbərlərdən istifadə edir. O fikir verib ki, bütün ailə, o cümlədən yeddiyaşlı oğlu Mattias təqiblərə cəsarətlə sinə gərən bacı-qardaşlardan ibrət götürür.
Balaca Mattias əvvəl-əvvəl sinif yoldaşlarına təbliğ etməkdən çəkinirdi. Kilanko deyir: «Bir ailəvi ibadətdən sonra o, sevinclə dedi: “Mən daha təbliğ etməkdən qorxmuram!”».
İndoneziyadan olan Holms Simatupanqın iki uşağı var. O, uşaqlarına İndoneziyada bayrağa təmiz etməkdən imtina etdiklərinə görə məktəbdən xaric edilmiş gənc dindaşlarımız barədə iki xəbəri oxudu.
Holms qardaş deyir: «Uşaqlarımızın hər ikisi məktəbdə eyni sınaqlarla üzləşir. Müəllimləri və sinif yoldaşları daima onlara təzyiq göstərirlər ki, bayrağa təzim etsinlər, milli himni oxusunlar və dini tədbirlərə qatılsınlar. Bunun ucbatından uşaqlarımız bir ara məktəbə getməyə qorxurdular...
Ailəvi ibadətdə biz həmin iki məqaləni müzakirə etdik. İndi onlar bayrağa təzim etməklə bağlı mövqelərini cəsarətlə izah edirlər və məktəbdən xaric ediləcəklərindən qorxmurlar».
Braziliyada yaşayan Leydi Neri Passus bacı deyir: «Oğlumuz Pedrunun beş-altı yaşı olanda məktəbdə ad günləri məsələsi qalxdı». Ona kömək etmək üçün bacı saytdakı «Xəbərlər» bölməsindən bacı-qardaşların sınaqlara qabaqcadan necə hazırlaşdıqlarından bəhs edən məqalələri seçmişdi. Leydi deyir: «Ailəvi ibadətdə gerçək hadisələri canlandırırdıq ki, məktəbdə kiminsə ad günü qeyd ediləndə o, nə etmək lazım olduğunu bilsin. Belə məşqlər sayəsində Pedru indi imanını daha yaxşı müdafiə edir».
«Xəbərlər» bölməsindəki məqalələr bizə xatırladır ki, Yehova Ona sadiq qalanları möhkəmləndirir və onların qeydinə qalır. Bu çoxsaylı nümunələr göstərir ki, sınaqlarla üzləşəndə sevincimiz aşıb-daşacaq və müqəddəs ruhla dolacağıq (Həvarilərin işləri 13:50—52).