29 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR
Xorvat və serb dillərində Müqəddəs Kitabın yenidən baxılmış «Yeni Dünya Tərcüməsi» dərc edilib
25 aprel 2020-ci il tarixində Rəhbərlik Şurasının üzvü Mark Sanderson xorvat və serb dillərində Müqəddəs Kitabın yenidən baxılmış «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi. Nitq əvvəlcədən yazıya alınmışdı. Serb dilində Müqəddəs Kitab həm latın, həm də Kirill əlifbası ilə dərc edilib.
Koronavirus pandemiyası ilə əlaqədar qoyulmuş məhdudiyyətlərə görə Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro və Serbiyadakı yığıncaqlar Müqəddəs Kitabın buraxılışı üçün bir məkanda toplaşa bilməmişdilər. Xüsusi görüş videokonfrans vasitəsilə keçirilmişdi. Görüşə ümumilikdə 12705 nəfər qoşulmuşdu.
Proqrama qoşulan qardaşlardan biri yenidən baxılmış Müqəddəs Kitabı «əsl cəvahir» adlandıraraq nida edib: «Elə bil Yehova mənimlə şəxsən danışır». Yığıncaqda ağsaqqal kimi xidmət edən başqa qardaş deyib: «Doğma dilimdə Müqəddəs Kitabın yenidən baxılmış tərcüməsini oxuyanda Yehovanın məhəbbətini — Onun hisslərini və mənə göstərdiyi qayğını daha dərindən duyuram. İndi mən, bir ağsaqqal kimi, Yehovanın bacı-qardaşları nə qədər sevdiyini və onlara nə qədər dəyər verdiyini onlara daha yaxşı çatdıra biləcəyəm».
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» üzərində iş 1996-cı ilin sonunda başlamışdı. Təxminən üç ildən sonra, 1999-cu ilin iyul ayında, xorvat və serb dillərində İncil işıq üzü gördü. 2006-cı ildə isə, yeddi il sonra, hər iki dildə tam Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» dərc edildi.
Biz əminik ki, hər iki dildə olan Müqəddəs Kitabın yenidən baxılmış dəqiq və sadə «Yeni Dünya Tərcüməsi»nin oxucuları bundan sonra da Allahın sözünün canlı və qüdrətli olduğunu görəcəklər (İbranilərə 4:12).