14 SENTYABR 2022
DÜNYADAN XƏBƏRLƏR
Yehovanın Şahidləri yenidən ev-ev təbliğdə
1 sentyabr 2022-ci il tarixindən bütün dünyadakı Yehovanın Şahidləri böyük sevinclə onları tanıdan ev-ev təbliğ işini bərpa etdilər. Müqəddəs Kitab dərsinə başlamaqla bağlı sentyabr ayı ərzində keçirilən xüsusi kampaniya onların bu sevincinə sevinc qatır. Bəzi bacı-qardaşlarımıza xidmətin bu növü yaxşı tanışdır. Amma elələri var ki, ev-ev təbliğdə ilk dəfədir iştirak edirlər. Aşağıda 2023-cü xidmət ilinin əvvəlində dünyanın müxtəlif yerlərində baş verən bəzi maraqlı hadisələr yazılıb.
Almaniya
2 sentyabr 2022-ci ildə Nikol və Tina adlı iki bacı (Petershagen, Şimali Reyn-Vestfaliya) binada təbliğ edərkən heç kimi evdə tapa bilmədilər. Onlar yollarına davam edəndə bir gənc qadın onları çağırdı. Qadın izah etdi ki, bacılar qapını döyən vaxt qapını açmaq imkanı olmayıb. Qadın onlardan xahiş etdi ki, geri qayıdıb onunla Müqəddəs Kitab haqda danışsınlar. Bacılar evə daxil olanda stolun üstündə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni gördülər. Kitaba baxanda bilinirdi ki, qadın bu kitabı oxuyur. Qadın dedi ki, bu kitabı ona üç il əvvəl İtaliyada yaşayanda veriblər. O, pandemiya vaxtı Almaniyaya köçəndə Yehovanın Şahidləri ilə əlaqəni itirib. Bacılar qadınla əlaqə nömrələrini dəyişdilər və onu ibadət görüşünə dəvət etdilər. İki gün sonra qadın iki uşağı ilə birlikdə ibadət görüşündə iştirak etdi. Ona Müqəddəs Kitab dərsi keçməyə başladılar.
Qvatemala
Mamdilli sahədə xüsusi öncül kimi xidmət edən Manuel və Karol Qastelum cütlüyü mehriban bir qadınla tanış oldular və qadın onları evinə dəvət etdi. Qadın Allahın adının olduğunu bilmirdi. Onlar «Əbədi xoşbəxt həyat!» kitabının «Allahı yaxından tanıyaq» adlı 4-cü dərsini müzakirə etməyə başladılar. O özündəki Müqəddəs Kitabdan Əşiya 42:8 ayəsini oxuyanda Allahın adının Yehova olduğunu görüb heyrətə gəldi.
Qadın ağlamağa başladı və dedi ki, o, indi dərk edir, sadəcə Müqəddəs Kitabının olması kifayət deyil, orada yazılanları öyrənib əməl etmək lazımdır. Onlar dərsi bitirdikdən sonra qadın öyrəndiklərinə görə çox minnətdar idi. O dedi ki, öyrəndiklərini həyat yoldaşı ilə də bölüşəcək. Onlar Müqəddəs Kitab dərsinə davam etmək üçün növbəti görüşə razılaşdılar.
Yaponiya
Yokohamada Nukamori cütlüyü xidmət zamanı bir evə yaxınlaşır və domofona basır. Domofona bir qadın cavab verir. Onlar özlərini ev sahibinə təqdim edirlər və bildirirlər ki, Yehovanın Şahidləridirlər. Ev sahibi xahiş edir ki, qapıda gözləsinlər. Bir qədər sonra qadın qapını açır və deyir: «Elə mən də Yehovanın Şahidlərinin məni ziyarət etməsini gözləyirdim».
Qadın izah edir ki, əvvəllər Naqasakidə yaşayanda Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənib. Pandemiya zamanı Yokohamaya köçdükləri üçün dərslərə Zoom-da davam edirdilər. Həftənin əvvəlində ona dərs keçən bacı deyib: «Sentyabr ayında kampaniya olacaq. Əminəm ki, Yehovanın Şahidlərindən biri sənin də qapını döyəcək. Həmin adamdan xahiş edərsən ki, səninlə canlı olaraq Müqəddəs Kitab dərsi keçsin». Qadın çox sevinirdi ki, bu ziyarət gözlədiyindən də tez oldu. O, ibadət görüşlərində iştirak etmək istədiyini bildirdi və növbəti Müqəddəs Kitab dərsi üçün vaxt təyin etdilər.
Meksika
Bir cütlük bir qadına Müqəddəs Kitab dərsinə başlamağı təklif etdi. Qadın cavab verdi ki, o, illər əvvəl Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırıb, hətta ibadət görüşlərində də iştirak edib. Sonradan Şahidlərlə əlaqəni itirib. Müqəddəs Kitab prinsiplərinə uyğun həyat tərzi sürmədiyi üçün onları yenidən axtarmağa çəkinib. Qadın bunları danışanda ağlamağa başladı. Cütlük ona Zəbur 10:17 ayəsini oxudu və izah etdilər ki, Yehova onu unutmayıb. Onlar həmçinin qadını Yehovanın normalarına uyğun yaşamaq istəyinə görə təriflədilər. Qadın Müqəddəs Kitabı yenidən araşdırmağa razılaşdı və dedi ki, 16 yaşlı oğlu da Müqəddəs Kitab haqda daha çox öyrənmək istəyir.
Ertəsi gün cütlük yenidən onlara gəldi. Qadın və oğlu səbirsizliklə onların yolunu gözləyirmiş. Təbliğçilər «Əbədi xoşbəxt həyat!» broşürünün 1-ci dərsini araşdırdılar və onları həftəsonu keçirilən ibadət görüşünə dəvət etdilər. Qadın və oğlu Müqəddəs Kitab dərsinə davam etmək və ibadət görüşlərində iştirak etmək fikrindədirlər.
Puerto-Riko
Ramon ev-ev təbliğə yenidən çıxdığı ilk gün dua edib ki, qabağına xoş xəbərə hay verəcək bir insan çıxsın. O, ilk qapını döyəndə qapı yavaşca açıldı və qapının arasından bir qadın boylandı. Ramon onu salamladı və özünü təqdim etdi. Hələ heç təqdimata başlamamış qadın dedi: «İnanın, neçə vaxtdır səbirsizliklə sizin gəlişinizi gözləyirəm. Elə hey dua edirdim ki, evimə gəlib, mənə baş çəkəsiniz».
Qadın dedi ki, bir neçə il əvvəl Şahidlərlə tanış olub və ibadət görüşündə iştirak edib. Sonra başqa yerə köçdüyü üçün onlarla əlaqəni itirib. Ramon izah etdi ki, pandemiyaya görə ev-ev təbliğ xidməti dayandırılmışdı. Sonra ona Zəbur 37:29 ayəsini oxudu və Müqəddəs Kitab dərslərinin necə keçirildiyini başa saldı. Qadın Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Qardaş bir bacının ona baş çəkməsi üçün tədbir gördü.
Bu hadisədən sonra Ramon bölüşür: «Əminəm ki, Yehova və mələkləri bizi həqiqəti axtaran insanlara yönəldir».
Birləşmiş Ştatlar
Kentukki ştatında Keytlin Tompson adlı bacı təbliğ etmək üçün bir evə yaxınlaşdı. Bacı fikir verdi ki, poçt qutusunun üzərinə Müqəddəs Kitab ayələri yazılıb və həyətdə «İsa səni sevir» sözləri yazılmış lövhəcik var. Keytlin qapını döyəndə bir qadın açdı. Bacı özünü təqdim etdi və izah etdi ki, COVID-19 pandemiyasına görə Yehovanın Şahidləri canlı şəkildə insanları ziyarət etmirdilər. Həmçinin qeyd etdi ki, Şahidlər pandemiya zamanı insanlara telefon və məktublar vasitəsilə təsəlli verir və xoş xəbəri bölüşürdülər. Keytlin qadından və ailəsindən hal-əhval tutdu. Qadının atası pandemiya zamanı vəfat etmişdi. O, bacıya dedi: «Siz mənə məktublar göndərmişdiniz, Allah mənə düz vaxtında və məhz lazım olan köməyi göstərmişdi». Keytlin ona başsağlığı verdi və «Əbədi xoşbəxt həyat!» kitabının 2-ci dərsini nəzərdən keçirdilər. Dərsdəki ayələri oxudular və gələcəkdə olacaq dirilmə mövzusu üzərində xüsusilə dayandılar. Qadın ağlamağa başladı. Sən demə, bacının gəldiyi elə həmin gün qadının atasının ölümünün bir ili tamam olurdu. Qadın Keytlinə öz əlaqə nömrəsini verdi və növbəti görüş üçün razılaşdılar. Sonra Keytlinə bu qadından bir mesaj gəldi: «Hər şey üçün çox sağ olun, bu gün təsəlliyə çox ehtiyacım var idi».
Şübhəsiz ki, Yehova bizim ev-ev xidmətimizi və Müqəddəs Kitab dərsinə başlamaq üçün keçirdiyimiz kampaniyanı bərəkətləndirir. Biz təbliğ işimizin bəhrələrini səbirsizliklə gözləyirik (Yəhya 4:35).
Bahama Adaları
Kamerun
Panama
Filippin
Cənubi Koreya
Birləşmiş Ştatlar