12 APREL 2022
DÜNYADAN XƏBƏRLƏR
«Yeni Dünya Tərcüməsi» Brayl şrifti ilə daha üç dildə işıq üzü gördü
Son bir neçə ay ərzində Müqəddəs Kitabın Brayl şrifti ilə olan «Yeni Dünya Tərcüməsi» daha üç dildə, alman, Koreya və Ukrayna dilində işıq üzü gördü. Bu nəşrlərin elektron formatda faylları jw.org saytında yerləşdirilib. Koreya və Ukrayna dillərindəki faylları Brayl şrifti üçün nəzərdə tutulan portativ elektron cihazda (Brayl klaviaturadan və Brayl ekrandan ibarətdir) açmaq olar. Alman dilində olan fayllar isə ekrandan yazılı məlumatları oxuyan proqramlar üçün nəzərdə tutulub.
Görmə qüsurlu insanların əksəriyyəti audionəşrlərə qulaq asır və ya Brayl ekrandan istifadə edir. Amma bir çoxları nəşrləri çap formatda oxumağa üstünlük verir. Brayl şrifti ilə olan Müqəddəs Kitabın alman dilində çap nəşri artıq təbliğçilərə göndərilib. Koreya dilində olan çap nəşri isə yaxın aylarda göndəriləcək. Müharibə səbəbindən Ukrayna dilində olan nüsxələrin təbliğçilərə nə vaxt göndəriləcəyi bilinmir.
Brayl şrifti ilə Müqəddəs Kitab necə çap edilir? Mətn, o cümlədən çoxsaylı əlavə məlumatlar Brayl şriftinə konvertasiya edilir. Xəritələr, cədvəllər kimi əyani vəsaitlər də görmə qüsurlu insanlar üçün aydın olan formata çevrilir.
Almaniyada yaşayan bir görmə qüsurlu bacımız deyir: «Audionəşrlərə qulaq asmaqdansa, Brayl şrifti ilə oxumağı daha çox sevirəm, çünki oxuduqlarımı daha yaxşı yadda saxlayıram. Bu mənim Yehovaya məhəbbətimi və etibarımı artırır».
Brayl şrifti ilə Müqəddəs Kitablar ancaq Volkildə (ABŞ, Nyu-York) xüsusi çap maşınında çap edilir. Brayl nöqtələri xüsusi kağız üzərində sıxılıb basılaraq qabardılır, sonra vərəqlər yığılıb cildlənir və təbliğçilərə çatdırılması üçün filiallara göndərilir. Brayl şrifti ilə «Yeni Dünya Tərcüməsi» bəzən 30-dan çox cilddən ibarət olur və kitab rəfində təxminən iki metr yer tutur.
Brayl şrifti ilə olan Müqəddəs Kitabın Koreya dilində hazırlanmasına kömək edən bir qardaş deyir: «Fikirləşəndə ki, bu nəşr görmə qüsurlu bacı-qardaşlara Yehovaya yaxınlaşmağa və təsəlli tapmağa kömək edəcək, Yehovaya şükr edirəm, ürəyim minnətdarlıqla dolub-daşır».
Biz əminik ki, Brayl şrifti ilə olan «Yeni Dünya Tərcüməsi» vasitəsilə Yehova görmə qüsurlu bacı-qardaşlarımızı «nemətlərlə doyuracaq» (Zəbur 107:9).