1 APREL 2021
DÜNYADAN XƏBƏRLƏR
Yeni veb-sayt: JW Stream-Studio
İndi rayon toplantılarına canlı yayımda baxmaq olar
Yehovanın Şahidləri rayon nəzarətçilərinin iştirakı ilə keçirilən rayon toplantılarına canlı yayımda baxmaq üçün yeni sayt istifadəyə veriblər. Bu, JW Stream–Studio saytıdır. 2021-ci ilin 6 və 7 mart tarixlərində bütün dünyada bu sayt vasitəsilə 340 rayon toplantısı keçirilmişdi. Toplantı proqramına 500 000-dən çox adam baxmışdı.
Pandemiyanın başlamasından bir qədər sonra Rəhbərlik Şurasının Təlim komitəsi Ümumdünya baş idarənin yayım şöbəsinə tapşırdı ki, rayon nəzarətçilərinə rayon toplantılarını canlı keçirməyə imkan verən sayt yaratsın. Qardaşlar istəyirdilər ki, minlərlə tamaşaçı toplantı proqramına canlı yayımda eyni vaxtda baxa bilsin.
Yayım şöbəsi bu layihəni bir neçə bacı-qardaşdan ibarət kiçik qrupa tapşırdı. Saytı ərsəyə gətirmək üçün onlar xeyli zəhmət çəkdilər.
Saytın dizaynı sadə və aydın olmalı idi ki, hətta internetdən az başı çıxan insan ondan istifadə edərkən çətinlik çəkməsin. Eləcə də sayt internetin sürəti zəif olanda da yaxşı işləməli idi. Sayta eyni vaxtda minlərlə insan daxil olacağı üçün Yayım şöbəsi Ümumdünya baş idarənin kompüter şöbəsindən kifayət qədər server ayırmağı xahiş etdi.
Yayım şöbəsində xidmət edən Aleks Ernandes deyir: «Eyni zamanda yüzlərlə toplantının keçirilməsinə imkan verən sayt yaratmaq həm maraqlı, həm də çətin idi. Proqramçılarımızın sayı az idi və əksəriyyəti ilk dəfə idi belə bir sayt üzərində işləyirdi».
Saytın ilkin dizaynı 2020-ci ilin may ayında artıq hazır idi. Beş aydan sonra, oktyabr ayında altı ölkədən olan altı rayon nəzarətçisi Yayım şöbəsinə saytı sınaqdan keçirməyə kömək etdi. Bunun sayəsində qardaşlar saytı istifadəyə verməzdən öncə bütün qüsurları müəyyən edib aradan qaldırdılar. Saytın istifadəyə verildiyi ilk gün 17 bacı-qardaş dünyanın istənilən yerində istifadəçilərə texniki yardım göstərməyə hazır idilər.
Aleks davam edir: «Hər dəfə problem çıxanda biz ayaq saxlayıb dua edirdik. Problemin həlli tapılanda bir daha əmin olurduq ki, Yehova bizimlədir».
Artıq çoxlu sayda bacı-qardaş sayta görə öz minnətdarlığını bildirib.
Kolumbiyadan olan Xayro Espinosa qardaş deyir: «Toplantı proqramına JW Stream–Studio saytı vasitəsilə baxmağımız sayəsində özümüzü bacı-qardaşlara yaxın hiss etdik və məsihi birliyimiz möhkəmləndi. Proqram canlı yayımlanırdı, ona görə heç bir fikri buraxmamaq üçün nitqlərə diqqətlə qulaq asırdıq».
ABŞ-dan olan Maqali Reymundo bacı deyir: «Əlbəttə, yazıya alınmış proqramda da eyni fikirlər olacaqdı, lakin nitqlərə canlı qulaq asmaq və tanış simaları görmək çox xoş idi».
JW Stream–Studio saytı istifadəyə veriləndən onun vasitəsilə 800-dən çox rayon toplantısı keçirilib. Ruhani sağlamlığımızın qeydinə qaldığı və təşkilatdakı birliyi qorumağa kömək etdiyi üçün Yehovaya çox sağ ol deyirik (Zəbur 133:1).