Kontentə keç

3 OKTYABR 2017
DÜNYADAN XƏBƏRLƏR

İrma qasırğasının fəsadları haqda ümumi məlumat

İrma qasırğasının fəsadları haqda ümumi məlumat

NYU-YORK. Barbados, Dominikan Respublikası, Fransa və Birləşmiş Ştatlardakı filiallar İrma qasırğasından zərər çəkən bacı-qardaşlarımızın vəziyyəti barədə məlumat verib.

Barbados filialının nəzdində olan Anqilya, Antiqua və Barbuda, Montserrat, Saba, Sent-Estatius, Sent-Kits, Nevis və Sint-Marten (Hollandiya hissəsi) adalarına zərər dəyib. Verilən məlumata əsasən, qasırğa Barbuda və Sint-Marten adalarına ciddi ziyan vurub.

Kiçik ada olan Barbudanın əhalisi təxminən 1800 nəfərdir. Kommunal xidmətlərin fəaliyyəti dayandığı və evlərin 95 faizi yerlə-yeksan olduğu üçün ada təbii fəlakət zonası elan edilib və orada fövqəladə vəziyyət rejimi tədbiq olunub. Qeyd edək ki, adada yaşayan 11 təbliğçi sağ-salamat qonşu adaya, Antiquaya təxliyyə edilib və Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi onların qayğısına qalır.

Cənubu Sint-Marten (Hollandiya ərazisi) və şimalı Sen-Marten (Fransa ərazisi) adlanan adada təxminən 700 təbliğçi yaşayır. Qasırğa nəticəsində bir bacımız xəsarət alıb. Bacı-qardaşlara yardım göstərmək üçün Sen-Marten adasına tibb mütəxəssisləri, eləcə də Barbados və Fransa filialından heyət göndərilmişdi.

Fransa filialının nəzdində olan Qvadelupa, Martinika, Sen-Bartelmi və Sen-Marten adalarına zərər dəyib. Verilən məlumata əsasən, Qvadelupa və Martinika adalarında həyatını itirən, yaxud xəsarət alan olmayıb.

Sen-Bartelmi adası xarabalığa çevrilib. Adada yaşayan təbliğçilərlə əlaqə saxlamaq, demək olar ki, mümkün deyil. Bununla belə, filial rayon nəzarətçisindən məlumat əldə edə bilib. Rayon nəzarətçisi bildirib ki, 30 təbliğçinin hamısı sağ-salamatdır, ibadət evinə isə cüzi zərər dəyib. Qvadelupa, Martinika adalarından Sen-Bartelmi və Sen-Marten adalarındakı bacı-qardaşlara qida, su və digər humanitar köməyin göndərilməsi üçün Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edilib.

Qvadelupa adasındakı Toplantı zalında humanitar yardım konteynerlərə yüklənilir.

Qasırğa Dominikan Respublikası filialının ərazisinə ziyan vurub. Ölkədəki 38000-dən çox təbliğçiyə kömək göstərmək üçün filial daimi fəaliyyət göstərən beş yardım komitəsi yaradıb. İrma qasırğasından bir neçə gün əvvəl yığıncaq ağsaqqalları rayon nəzarətçilərinin göstərişi ilə bacı-qardaşların lazımi ehtiyat tədbirləri gördüyündən əmin olmaq üçün onları ziyarət etmişdilər. Ağsaqqallar su altında qalmaq ehtimalı çox olan şimal sahili ərazilərindəki 1273 təbliğçini nisbətən təhlükəsiz ərazilərə təxliyyə ediblər. Öz evlərində qalmağın təhlükəli olduğu 2068 təbliğçiyə isə daha təhlükəsiz yerə — ibadət evlərinə və digər bacı qardaşların evinə köçmək məsləhət görülüb.

Təzəlikcə inşa olunmuş bir neçə ibadət evinə cüzi zərər dəyib. Qasırğa həmçinin Yehovanın Şahidi olan beş ailənin evinə ziyan vurub. Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsinin və yığıncaqların köməyi ilə bərpa işləri aparılır. Məlumata görə, Yehovanın Şahidlərinin arasında ölən və yaralanan olmayıb.

ABŞ filialının nəzdində olan Baham Adalarına, Britaniya və ABŞ-a məxsus Virginiya adalarına, Terks və Kaykos adalarına, həmçinin Florida, Corciya, Puerto-Rikoya zərər dəyib. Artıq məlumat verdiyimiz kimi, bir qardaşımız və bir bacımız həyatını itirib və başqa ölən yoxdur. Filial bildirib ki, 6 Yehovanın Şahidi xəsarət alıb, 3000-dən çoxu isə evlərini tərk etməli olub. Florida və Corciya ştatının mərkəzi hissəsində yaşayan yüzlərlə bacı-qardaş evsiz qalmış dindaşlarına öz evlərinin qapısını açıblar.

Floridanın Fort-Loderdeyl şəhərindəki tərcümə ofisində işləyənlər təxliyyə olunaraq bir neçə gün Uest-Palm-Biçdə Toplantı zalında qaldı. Daşqın tərcümə ofisinin administrativ binasına müəyyən ziyan vurub, yaşayış binası isə bir neçə gün işıqsız və internetsiz qalıb. Hal-hazırda bütün bu problemlər artıq aradan qaldırılıb və ofis fəaliyyətini davam etdirir.

Floridanın Palm Kost şəhərində olan Rayon Nəzarətçiləri və Həyat Yoldaşları üçün Məktəbinin şagirdləri, eləcə də Padşahlıq Müjdəçiləri Məktəbinin üç sinfi təxliyyə edilib. Tədris binasında təxminən 20 nəfər qalıb, onlar təhlükəsizlikdədir. Binada yalnız elektrik enerjisi kəsilib, başqa heç bir ciddi zərər dəyməyib.

Puerto-Riko adasındakı Toplantı zalında humanitar yardım yığılır.

Xidmət şöbəsinin Təbii fəlakətlər zamanı yardım masası və Yerli dizayn/tikinti şöbəsi zərərçəkənlərə yardım işinə rəhbərlik edir. Onlar əlindən gələni edirlər ki, bacı-qardaşlar təhlükəsizlikdə olsunlar və vaxtında lazımi köməyi alsınlar.

ABŞ-da qurulan yardım mərkəzləri qitədə yaşayan zərərçəkənləri su və qida ilə təmin edir, Puerto-Rikodakı Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi isə adalardakı bacı-qardaşlarımıza kömək göstərir.

Karib adalarında təxminən 61 evə cüzi, 55 evə isə ciddi ziyan dəyib. Üstəlik, qasırğa iki ibadət evinə xəsarət yetirib.

Terks və Kaykos adalarındakı ibadət evinin ətrafını su basıb.

Filialda və baş idarədə xidmət edən qardaşlar Florida ştatındakı və adalardakı dindaşlarını ziyarət edərək lazımi köməyi göstərir. Hal-hazırda qasırğanın vurduğu ümumi ziyan hesablanır.

İrma qasırğasından zərərçəkənlər və onlara kömək göstərib təsəlli verənlər üçün daima dua edirik (Romalılara 15:5; 2 Korinflilərə 1:3, 4, 7; 8:14).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Barbados: Con Medford, tel.: +1 246 438 0655

Dominikan Respublikası: Xose Feliz, tel.: +1 809 595 4007

Fransa: Qay Kanonisi, tel.: +33 2 32 25 55 55