24 SENTYABR 2018
DÜNYADAN XƏBƏRLƏR
«Manqhut» qasırğasının səbəb olduğu fəsadlar
Bir neçə gün ərzində baş verən «Manqhut» qasırğası Sakit okeanın qərbində və Cənubi Çin dənizində çoxlu dağıntılara səbəb olub. Fəlakətdən zərərçəkən bacı-qardaşlarımızın qeydinə qalan filiallar növbəti məlumatları bildirir.
Mikroneziya: 10 sentyabr 2018-ci il tarixində «Manqhut» qasırğası Şimali Marian adalarından biri olan Rotanı viran qoydu. Bu, 2002-ci ildən bəri Rotada baş verən ən güclü qasırğa idi. Xəbər verməyə şadıq ki, dindaşlarımızdan heç kim xəsarət almayıb və adadakı heç bir ibadət evinə zərər dəyməyib. Bir qardaşımız evi təmir olunana qədər müvəqqəti olaraq başqa yerdə yerləşdirilib. Rayon nəzarətçisi bacı-qardaşlarımızı ruhlandırmaq üçün adaya baş çəkib.
Filippin: 15 sentyabr 2018-ci il tarixində «Manqhut» qasırğası Filippinin Kaqayan əyalətinin Baqqao bələdiyyəsini dağıdıb. «Manqhut» bu il ərzində Filippində baş verən ən güclü qasırğa hesab olunur. Fəlakətdən ölənlərin sayı 81-ə çatıb.
Təəssüf ki, «Manqhut» qasırğası nəticəsində Benquetdən olan bir bacımız həyatını itirib və dörd qardaşımız yaralanıb. İlkin məlumatlara əsasən, dindaşlarımıza məxsus 938 evə ziyan dəyib və 15 ev tamamilə sıradan çıxıb. Ən azı 28 ibadət evinə ziyan dəyib, onlardan biri, demək olar ki, yerlə yeksan olub. Baquyo, Kauayan, Laoaq və Tuqueqaraoda yaradılan dörd Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi bacı-qardaşlarımızın fiziki, emosional, ruhani tələbatlarını ödəyir. Növbəti günlərdə filial komitəsinin bir üzvü dindaşlarımızı ruhlandırmaq üçün həmin əraziyə baş çəkəcək.
Honkonq: 16 sentyabr 2018-ci il tarixində «Manqhut» qasırğası Honkonqu viran qoydu. Bu fəlakət ucbatından filial və Beytel ailəsinin üzvlərinin yaşadığı bina kiçik xəsarətlər alıb. Dindaşlarımıza məxsus iki ev isə böyük dağıntılara məruz qalıb. Bir ev üzərinə ağac düşdüyünə görə zərər görüb və başqa bir evin isə güclü külək ucbatından dam örtüyü uçub. Bir neçə başqa ev isə suyun altında qalıb. Honkonqdakı Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi dindaşlarımızın zəruri ehtiyaclarını ödəmək üçün əlindən gələni əsirgəmir.
«Manqhut» qasırğasından zərərçəkən bacı-qardaşlarımızı düşünür və onlara görə dua edirik. Biləndə ki, dindaşlarımız ehtiyac içində olan bacı-qardaşlarımıza məhəbbətlə yardım əli uzadır qəlb rahatlığı tapırıq. Bu göstərir ki, biz bütün dünyadakı bacı-qardaşlarla bir ailəyik və bu ailə Yehovanın bəxş etdiyi əsl xeyir-duadır (Məsəllər 17:17).