Kontentə keç

27 SENTYABR 2018
DÜNYADAN XƏBƏRLƏR

Martin Bur ittiham olunduqdan 90 il sonra bəraət qazanır

Martin Bur ittiham olunduqdan 90 il sonra bəraət qazanır

Martin Bur qardaş 90 il əvvəl əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün həbs edilmişdi. 18 sentyabr 2015-ci il tarixində Slovakiyadakı bir məhkəmə ona bəraət qazandırdı. Slovakiyada bir neçə eyni məsələ ilə bağlı ittihamlara da bəraət verildi. Lakin Martin Bur qardaşın işi əqidəsinə görə hərbi xidmətdən imtina etmənin cinayət hesab olunduğu ən köhnə məhkəmə işidir.

Cəsarətə görə ittiham olunma

Martin Bur həbsdə olarkən

Martin Bur 1920-ci ildə 17 yaşında fəal Yehovanın Şahidi (o vaxt Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları adlanırdı) oldu. O, 1924-cü ilin oktyabrında müharibəyə çağırılmışdı. İmanı onu hər hansı bir hərbi fəaliyyətdə iştirak etməkdən və ya hərbi and içməkdən imtina etməyə sövq etmişdi. Nəticədə, rəsmilər onun ruhi vəziyyətində problem olduğunu düşünmüş və onu psixiatrik qiymətləndirməyə göndərmişdilər. Həkim onun ruhi baxımdan sağlam olduğunu bildirərək demişdi ki, «onun dini əqidəsi təxəyyülə əsaslanmır».

Martin Burun ruhi baxımdan sağlam olduğu bildirildiyi üçün 2 aprel 1925-ci il tarixində məhkəmə qərar vermişdi ki, onun orduya qoşulmaqdan imtina etməsi ağır cinayətdir. Bu gənc evli qardaş məhkəmədə qərar veriləndə böyük cəsarət nümayiş etdirmişdi. Qərarda deyilirdi ki, onun cəzası iki il həbsdə yatmaqdır, həbsdə olarkən o, təkhücrəli kamerada saxlanılacaq və ona kifayət qədər yemək verilməyəcək. Bununla belə, Martin Bur həbs müddəti tam başa çatmamış 13 avqust 1926-cı il tarixində yaxşı davranışına görə azadlığa buraxılmışdı.

AİHM-in qərarı bəraətə təkan verir

Martin Bur qardaş 7 yanvar 1985-ci ildə ölüb. Ailə üzvlərinin ona bəraət almaq üçün ilk dəfə 2004-cü ildə etdikləri müraciət rədd edilmişdi. Yeddi il sonra Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) «Bayatyan Ermənistana qarşı» adlı məhkəmə işi ilə bağlı çıxardığı qərarda əqidəyə görə hərbi xidmətdən imtinanı fundamental insan hüququ kimi tanıdı. Bundan sonra Martin Bur qardaşın ailəsi I Bratislava Dairə Məhkəməsindən onun işinə yenidən baxılmasını xahiş etdi. Martin Burun ittihamını ləğv etməyə tutarlı hüquqi əsas olmasına baxmayaraq, çox təəssüf ki, bu xahiş ölkədaxili məhkəmələrdə təmin olunmadı. Bu yalnız başqa bir əqidə məhbusunun işinə yenidən baxıldıqdan sonra mümkün oldu.

Çox mühüm bir qərar: «Vayda» məhkəmə işi

Martin Bur kimi İmrij Vayda qardaş da hərbi xidmətdən imtina edən Yehovanın Şahidi idi. O, kommunist rejimi altında 1959 və 1961-ci ildə həbs edilmişdi. 13 mart 2014-cü il tarixində Slovak Respublikasının Konstitusiya Məhkəməsi qərar verdi ki, 119/1990 nömrəli Çexoslovak qanununa əsasən o təqsirsizdir. Bu qanun kommunist rejimi dövründə ədalətsiz cəzalara məruz qalan insanlara kömək etmək üçün nəzərdə tutulub. Konstitusiya Məhkəməsi AİHM-in «Bayatyan» məsələsində verdiyi qərarı ilk dəfə İmrij Vaydanın işində necə tətbiq etməli olduğunu dilə gətirdi və dedi ki, amnistiya və ya restitusiya əqidəsinə görə hərbi xidmətdən imtina edənlər üçün çox vacib hüquqi tədbirdir.

«Vayda» məhkəmə işindəki müsbət qərar sayəsində Martin Bur qardaşın ailəsi I Bratislava Dairə Məhkəməsinə müraciət etdi ki, Martin Burun təqsirsiz olduğunu elan etsin. Məhkəmə 18 sentyabr 2015-ci il tarixində bu müraciəti ratifikasiya etdi. Beləcə, ittiham olunmasından 90 il, ölümündən isə 30 il keçəndən sonra Martin Bur bəraət aldı.

Beləliklə, AİHM-in «Bayatyan» məhkəmə işindəki qərarı və Konstitusiya Məhkəməsinin «Vayda» məhkəmə işindəki qərarı uzunmüddətli ədalətsizliyi bərpa etməyə kömək etdi. Bu günə qədər əksəriyyəti 1948—1989-cu illər ərzində həbs olunan 51 Yehovanın Şahidi Slovakiyadakı məhkəmələr tərəfindən tam bəraət alıb.