8 AVQUST 2023
EFİOPİYA
Müqəddəs Kitabın «Mətta» bölməsi sidamo və volayta dillərində işıq üzü gördü
23 iyul 2023-cü il tarixində Efiopiya filial komitəsinin üzvü Lemma Koyra qardaş Müqəddəs Kitabın «Mətta» bölməsinin sidamo və volayta dillərində elektron formatda işıq üzü gördüyünü elan etdi. Bu elan Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Toplantı zalında keçirilən xüsusi görüşdə səsləndi. Təxminən 1800 nəfər tədbirə canlı qatıldı, 12 669 nəfər isə videokonfrans və ya peyk televiziyası ilə proqramı izlədi. Elandan dərhal sonra nəşri elektron formatda yükləmək mümkün idi. «Mətta» bölməsinin çap formatı yaxın aylarda yığıncaqlara göndəriləcək.
Volayta və sidamo dillərində əsasən Efiopiyanın cənubunda danışılır. 2005-ci ildə volayta, 2007-ci ildə isə sidamo tərcümə qrupu yaradılmışdı. Hər iki qrup bu dillərdə danışan əhalinin sıx yaşadığı ərazidə yerləşən tərcümə ofislərində xidmət edir.
Müqəddəs Kitabın tam tərcüməsi hər iki dildə mövcud olsa da, onları əldə etmək asan deyil və çox bahadırlar. Bir tərcüməçi sidamo dilində danışan bir çox bacı-qardaşın üzləşdiyi vəziyyəti belə təsvir edir: «Əksər yığıncaqlarda Müqəddəs Kitabın yalnız bir nüsxəsi var. Görüşlər zamanı həmin Müqəddəs Kitabdan yalnız natiq istifadə edə bilir. Ona görə də, Müqəddəs Kitabı fərdi mütaliə etmək üçün ibadət evinə getməli və həmin kitabdan istifadə etməliyik. Sidamo dilində “Mətta” kitabına sahib olmaq bizə imkan verir ki, Allahın Kəlamını öz evimizdə oxuyaq və öyrənək».
Volaytadilli tərcümə qrupunda xidmət edən bir tərcüməçi «Yeni Dünya Tərcüməsi»nin belə aydın dildə yazıldığına görə öz minnətdarlığını bildirir: «Müqəddəs Kitabın bir tərcüməsində Mətta 28:19 ayəsində müqəddəs ruh insan kimi təsvir edilir. Bu isə xidmətdə Ata, Oğul və müqəddəs ruh arasındakı fərqi izah etməyi çətinləşdirirdi. “Yeni Dünya Tərcüməsi” müqəddəs ruhun qüvvə olduğunu aydın göstərir. Əminəm ki, “Mətta” kitabının volayta dilində tərcüməsi təbliğ işində bizə çox kömək edəcək».
Müqəddəs Kitabın «Mətta» bölməsinin sidamo və volayta dillərində nəşri müjdənin hər xalqa, tayfaya, dilə və ümmətə car çəkildiyinin bariz nümunəsidir (Vəhy 14:6).