Kontentə keç

23 APREL 2020
EKVADOR

Ekvadorda Yehovanın Şahidləri evlərindən təbliğ edirlər

Ekvadorda Yehovanın Şahidləri evlərindən təbliğ edirlər

COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda qardaşlar təbliğ etməyə davam edirlər. Ekvadorda təbliğçilər insanlara xoş xəbəri çatdırmaq üçün müxtəlif üsullardan istifadə edirlər.

Ambato şəhərində yeddiyaşlı təbliğçi anası ilə birgə müəllimlərinə mesajlar göndərib. Məsələn, onlar yazıblar: «Sabahınız xeyir, müəllim. İndi yaşamaq çox çətindir, sizinlə Müqəddəs Kitabda yazılmış ümid verən bir xəbəri bölüşmək istəyirəm. Vəhy 21:4 ayəsində gözəl gələcək barədə yazılıb. Ətraflı məlumat üçün sizə link göndərirəm».

Təbliğçi bir müəllimdən belə cavab aldı: «Çox sağ ol, mənim gözəl balam. Yaşın az olsa da, amma dilindən hikmət yağır». Digər bir müəllim ona öz minnətdarlığını bildirdi və «Müqəddəs Kitab hekayələri» kitabının elektron versiyasını istədi. Müəllim dedi ki, öz kitabını müvəqqəti olaraq bir şagirdinə verib. Gənc təbliğçi müəllimə kitabı jw.org saytından necə yükləməyi izah etdi.

Kevedo şəhərində yaşayan bir cütlük telefonlarında Yehovanın Şahidi olmayan insanların nömrələrini tapıb onlara növbəti məzmunlu mesaj yazıb: «Mən Yehovanın Şahidiyəm. Ölkədə və bütün dünyadakı bu böhran ucbatından biz ev-ev təbliğ edə bilmirik. Lakin çox istərdik ki, sizinlə videokonfrans vasitəsilə danışaq».

Əksəriyyəti bu dəvəti qəbul etdi. Əvvəllər Yehovanın Şahidləri təbliğ edəndə onlara qulaq asmayan bir qadın bu cütlüyə minnətdarlığını bildirdi və təşəbbüslərinə görə onları təriflədi. Qadın hal-hazırkı vəziyyət ucbatından stress yaşadığını dedi. Ər-arvad ona «Stressi dəf etmək mümkündür» adlı 2020-ci ilin 1 saylı «Oyanın!» jurnalını PDF formatında göndərdi. Növbəti dəfə söhbət edəndə qadın jurnala görə təşəkkür etdi və onu dəfələrlə oxuduğunu dedi.

Santa-Dominqo-de-los-Tsaçilas əyalətində yaşayan kar bacımız Cohana rəsm çəkməklə təbliğ edirdi a. O çəkdiyi rəsmin şəklini çəkib kontaktlar siyahısında olan bütün karlara göndərmişdi. Göndərdiyi insanlardan biri kar olmayan bir qadın idi. Qadın dərhal ona yazaraq suallar verdi. Cohana sualları başa düşmədi və Ronda adında eşidən bacıdan həmin qadınla danışmağı xahiş etdi.

Həmin qadın Rondaya dedi ki, Cohananın şəkilləri onun diqqətini çəkdi. O, Müqəddəs Kitabda indi dünyada baş verənlərlə bağlı daha hansı ayələrin olduğunu soruşdu. Bacı ona Luka 21:10, 11 ayələrini oxudu, eləcə də «Nə üçün Allah zülmə son qoymur?» və «Allah Yer kürəsini nəyə görə yaradıb?» videolarının linkini göndərdi. Qadın bu barədə söhbəti davam etdirmək istəyir.

Həvari Bulus həbsdə olduğu zaman Allahın Padşahlığı haqqında ətraflı şəhadət verməyə davam edirdi. Onun kimi, bacı-qardaşlarımız da evdən çölə çıxa bilməsələr də, xidmətlərini davam etdirmək üçün hər fürsətdən istifadə edirlər (Həvarilərin işləri 28:23).

a Karların çoxu yazılı mətnləri başa düşmür. Bu səbəbdən, jest dili sahəsində xidmət edən təbliğçilər nəyisə izah edəndə şəkil çəkirlər. İstifadə edilən belə üsullardan biri «fikirlərin vizuallaşdırılması» adlanır. Yəni fikir və anlayışlar şəkillərin köməyilə ifadə olunur.