24 NOYABR 2023
EKVADOR
Qədimdən gələn müasir bir kitab Ekvadordakı beynəlxalq kitab sərgisində nümayiş etdirildi
20—24 sentyabr 2023-cü ildə Quayakildə (Ekvador) 9-cu Beynəlxalq Kitab Sərgisi təşkil olundu. Quayakil Ekspoplazada keçirilən tədbirdə 30 000-dən çox insan iştirak etmişdi. Qardaşlarımız sərgidə «Ən qədim müasir kitab» adlı stend qurmuşdular. Bu mövzu kiçikdən böyüyə hər kəsə Müqəddəs Kitabdakı xəbərin əhəmiyyətini vurğuladı. Çin (putunxua), ingilis, portuqal, kiçua (Çimboraso), kiçua (İmbabura) və ispan dilində nəşrlər var idi. Təxminən 150 bacı-qardaş həmin tədbirdə iştirak etdi. Maraqlananlara 700-dən çox nəşr paylanıldı və bir çox qonaqlara jw.org saytında müxtəlif mövzularla bağlı necə axtarış apara biləcəkləri göstərildi.
Yeniyetmə yaşlarında uşaqları olan bir ata stendimizə yaxınlaşdı və uşaqlarının üzləşdiyi çətinliklərə görə narahat olduğunu dedi. Qardaşlar Müqəddəs Kitabda yazılan prinsiplərin həmişə faydalı olduğunu dedilər və bu kitabın gənclərə də üzləşdiyi çətinliklərin öhdəsindən uğurla gəlməyə kömək edə biləcəyini qeyd etdilər. Həmin kişi «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının birinci və ikinci cildini götürüb belə dedi: «Sərgidə bu qədər dəyərli kitablar tapa biləcəyimi təxmin etmirdim».
Bir qadın stendimizə yaxınlaşıb bir ədəd Müqəddəs Kitab istədi. Qadın dedi ki, güclü mühafizə olunan bir binada yaşadığı üçün Yehovanın Şahidləri ilə çox az rastlaşır. Bacı ona bir ədəd Müqəddəs Kitab hədiyyə etdi və pulsuz Müqəddəs Kitab dərsi barədə məlumat verdi. Sonra qadın sevinə-sevinə jw.org saytından onu ziyarət etmələri üçün blank doldurdu.
Sərgidə iştirak edən Dieqo adlı qardaş deyir: «jw.org loqosu çoxlarına tanış olsa da, çatdırdığımız xəbər haqqında az adamın məlumatı var. İnanıram ki, stendimiz insanlara Müqəddəs Kitabın nə qədər dəyərli olduğunu başa düşməyə kömək etdi».
Ekvadordakı bacı-qardaşlarımız qədimdən gələn müasir kitab olan Müqəddəs Kitabdakı hikmətli məsləhətlər vasitəsilə insanlara kömək etdiklərinə görə çox sevinirlər (Məsəllər 3:21).