26 OKTYABR 2022
ERİTREYA
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası hökuməti 80 yaşlı eritreyalı Yehovanın Şahidini azad etməyə çağırır
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası (BDAK) 11 ildən çoxdur Eritreyada həbsdə olan Tesfazion Gebremikael qardaşa görə narahatdır. BDAK-ın saytında bildirilir ki, «Gebramikaelin yaşı çoxdur. Hal-hazırda onun 80 yaşı var. Bu da onun səhhəti ilə bağlı narahatlıq doğurur». 7 oktyabr 2022-ci il tarixində BDAK-ın komissarı Frederik Deyvi Gebremikael qardaşın azad edilməsi üçün müraciət edib.
Hökumət 20 iyul 2011-ci ildə əqidəsini başqaları ilə bölüşdüyü üçün Gebremikael qardaşı həbs edib. Eritreyada doğulmağına baxmayaraq, qardaş uzun illərdir Eritreya vətəndaşı deyil. Çünki hökumət 1994-cü ildə bütün Yehovanın Şahidlərini vətəndaşlıqdan məhrum edib.
Gebremikael qardaş 1971-ci il yanvar ayında Yehovanın Şahidi olub. O, cəmiyyətdə mehriban, xeyirxah və sülhpərvər ailə başçısı kimi tanınır. 1974-cü ildə Lemlem adlı qadınla ailə qurub. Lemlem də Yehovanın Şahididir. Onların dörd övladı və beş nəvəsi var.
Lemlem bacı deyir: «Həbsdə olduğu müddətdə yoldaşımın səhhətinə görə narahat olsam da, onun sevgisi, dəstəyi üçün darıxsam da, bilirəm ki, Yehova ona dayaq olacaq. Mən yoldaşımın Yehovaya sadiq qalacağına əminəm. Vaiz 10:4 ayəsini mütaliə etmək məni ailəmizin üzləşdiyi çətinliklərə dözməyə təşviq edir».
Eritreya 1991-ci ildən etibarən Yehovanın Şahidlərini fəal şəkildə təqib edir. 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına kimi 32 Yehovanın Şahidi şərti olaraq həbsdən azad edilsə də, 20 dindaşımız hələ də həbsdədir. Onlar müddətsiz olaraq həbs edilib. Onlar üçün effektiv daxili hüquqi prosedurlar və ya hüquqi müdafiə vasitələri olmadığından, onların həbsi faktiki olaraq ömürlük həbs cəzasına bərabərdir.
Beynəlxalq insan hüquqları təşkilatlarının əksəriyyəti dəfələrlə Eritreyanı əsas insan hüquqlarını kobud şəkildə pozduğuna görə qınayıb və hökuməti vəziyyəti düzəltməyə çağırıb. BMT-nin Eritreya üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası 2016-ci ildə bəyan etdi ki, Eritreya Yehovanın Şahidlərini və digərlərini təqib etməklə «insanlığa qarşı cinayət» törədir.
Gebremikael qardaşın həbsi hökumətin Yehovanın Şahidlərinə, eləcə də yaşlı Yehovanın Şahidlərinə qarşı qəddarlıq siyasəti yürütdüyünü sübut edir. 2011-ci ildən bu yana dörd Yehovanın Şahidi həbsxanada həyatını itirib. Yaşlı üç Yehovanın Şahidi isə həbsxanada üzləşdikləri ağır şəraitə görə azad ediləndən sonra vəfat edib.
Eritreya hökuməti bu məsələni Yehovanın Şahidləri ilə müzakirə etməkdən imtina edir.
Biz haqsız yerə həbsdə olan dindaşlarımız üçün dua edirik. Əminik ki, Yehova bundan sonra da onlara dayaq olacaq (İbranilərə 13:3).