25 OKTYABR 2024
ERİTREYA
Eritreyada Yehovanın Şahidləri 30 ildir ki, təqibə məruz qalır
Ötən 30 il ərzində Eritreyada Yehovanın Şahidləri dəfələrlə təqiblərə məruz qalıb. 1994-cü ildən bəri 270-dən çox bacı-qardaş haqsız yerə həbs edilib və hətta əqidələrinə görə işgəncələrə məruz qalıb. Hazırda 64 nəfər həbsdədir, onlardan heç biri məhkəmə yolu ilə cinayətdə ittiham olunmayıb və ya təqsirli bilinməyib.
25 oktyabr 1994-cü il tarixində Eritreyanın prezidenti İsaias Afverki ölkədə dünyaya gələn bütün Yehovanın Şahidlərinin vətəndaşlığını ləğv edən bir fərman verdi. Bu, siyasi və hərbi məsələlərdə iştirak etməkdən imtina edən qardaşlarımıza birbaşa cavab idi. Yehovanın Şahidləri 1994-cü ildən əvvəl də müəyyən qədər müqavimətlərlə üzləşsə də, prezidentin bu fərmanından sonra təqiblər daha da şiddətləndi. Nəticədə, yüzlərlə dindaşımız növbəti onilliklər ərzində əsassız yerə tutuldu, həbsxanalara atıldı və qəddar rəftara məruz qaldı.
2020-ci ilin dekabrından 2021-ci ilin fevral ayına qədər 32 Yehovanın Şahidi həbsdən azad edildi. Bu zaman gözlənilirdi ki, Eritreyada vəziyyət yaxşılaşacaq, amma təəssüf ki, belə olmadı. 20-dən çox Yehovanın Şahidi həbsdə qaldı və hələ də dindaşlarımız tutulub həbsə atılır. 2024-cü il sentyabr ayının sonlarında polis bir mülki evdə reyd keçirdi və dinc şəraitdə Müqəddəs Kitabı araşdırmaq üçün toplaşan 25 nəfəri həbs etdi. Həbs edilənlər arasında yaşı 80-i haqlamış 3 nəfər, altı aylıq hamilə bir bacı və 2 azyaşlı uşaq da var idi. Uşaqlar daha sonra sərbəst buraxıldı, böyüklər isə May Serva həbsxanasına göndərildi.
Eritreyada əqidələrinə görə həbs edilən bu dindaşlarımız vəhşiliyə və acınacaqlı həyat şəraitinə məruz qalırlar. 26 il həbsdə olmuş Negede Teklemariam qardaş qeyd etmişdi: «Həbsxanada nəzarətçilər bizi iplə bağlayırdılar, bizimlə qəddar davranırdılar, döyürdülər... ağır iş gördürürdülər... Onlar sadəcə ümid edirdilər ki,.. öləcəyik». Təəssüf ki, üzləşdiyi ağır şərait nəticəsində 4 qardaşımız həyatını itirdi, digər 3 qardaş isə azadlığa buraxıldıqdan qısa müddət sonra vəfat etdi.
Həbsdə olmayan bacı-qardaşlarımız belə, çoxlu çətinliklərlə üzləşirlər. Məsələn, vətəndaşlıqları olmadığı üçün çoxları işini, evini və sərbəst səyahət etmək imkanını itirib. Məsihi bitərəfliyini qoruduğu üçün bəziləri qonşuları və hökumət nümayəndələri tərəfindən təhqirə və hücuma məruz qalır. Bundan əlavə, gənc Yehovanın Şahidləri təhsil sahəsində də maneələrlə üzləşir. Çünki hökumət təhsilini başa vurmaq istəyən bütün tələbələrdən hərbi təlim keçməsini tələb edir.
Eritreyadakı təqiblərin davam etməsi bizi çox məyus edir. Amma biz əminik ki, onilliklərdir təqiblər qarşısında möhkəm dayanan eritreyalı bütün dindaşlarımız Yehovanın yadındadır. Ümumdünya qardaşlıq olaraq dua edirik ki, Yehova bundan sonra da onlara bu cür «odlu-alovlu sınaqlara» tab gətirməyə güc versin (1 Butrus 4:12—14).