Kontentə keç

17 sentyabr 1994-cü il tarixindən həbsdə saxlanılan qardaşlarımız Paulos Eyassu, İsaak Moqos və Negede Teklemariam

17 SENTYABR 2019
ERİTREYA

Eritreyada iyirmi beş il həbsdə

Eritreyada iyirmi beş il həbsdə

Müasir dövrdə Yehovanın Şahidlərinin ən şiddətli təqiblərə məruz qaldığı ölkələrdən biri Eritreyadır. 17 sentyabr 2019-cu il tarixinədək olan məlumata əsasən, üç qardaşımız — Paulos Eyassu, İsaak Moqos və Negede Teklemariam artıq 25 ildir ki həbsdədir. Onlardan başqa, həbsdə 39 qardaş və 10 bacı saxlanılır.

Hal-hazırda həbsxanada olan bacı-qardaşlarımızdan heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib, onlar nə məhkəmə qarşısına çıxarılıb, nə də məhkum edilib. Onlar nə zaman azadlığa buraxılacaqlarını bilmirlər. Ağır saxlama şəraiti ucbatından qardaşlardan dördü həbsxanada, üçü isə azadlığa çıxandan qısa müddət sonra vəfat edib.

Təqiblər 1994-cü il oktyabrın 25-də, Eritreya Efiopiyadan müstəqillik əldə etdikdən bir il yarım sonra şiddətlənib. Yeni prezident ölkədə doğulan Yehovanın Şahidlərinin ölkənin vətəndaşları olmadıqlarını elan edib, çünki onlar məsihi kimi bitərəf qalırdılar. Prezident həmçinin onları əsas vətəndaş hüquqlarından məhrum edib. Bundan əlavə, Yehovanın Şahidləri tam təhsil ala, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ölkədən kənara çıxa bilmir.

Son illərdə mötəbər insan hüquqları təşkilatları Eritreyada beynəlxalq insan hüquqlarının, o cümlədən Yehovanın Şahidlərinin hüquqlarının kobudcasına pozulduğu ilə əlaqədar öz narahatçılığını bildirib. Eritreya hökuməti bu təşkilatların tövsiyələrini icra etməkdən imtina edir.

Baxın: «XÜSUSİ HESABAT: Yehovanın Şahidlərinin Eritreyada üzləşdiyi təqiblər»

Biz dövlət məmurlarını və digər hakimiyyət sahiblərini Eritreyadakı vəziyyət haqqında məlumatlandırmağa davam edəcəyik. Eritreyadakı bacı-qardaşlarımız amansız təqiblər qarşısında böyük iman və cəsarət göstərdiyi bir vaxtda, bütün nəzərlərimiz onların dayağı və sığınacağı olan Yehova Allahdadır (Zəbur 94:22).