Kontentə keç

2019-cu ilin yanvar ayı: əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün 2012-ci ildə məhkum edilmiş qardaşlardan on ikisi vəkilləri ilə (mərkəzdə) birgə

9 DEKABR 2019
ERMƏNİSTAN

AİHM-nın qərarı: Ermənistan əqidəyə görə hərbi xidmətdən imtina edən 22 Yehovanın Şahidini haqsız olaraq məhkum edib

AİHM-nın qərarı: Ermənistan əqidəyə görə hərbi xidmətdən imtina edən 22 Yehovanın Şahidini haqsız olaraq məhkum edib

5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistandan olan 22 Yehovanın Şahidinin xeyrinə yekdil qərar verib. Belə ki, onlar haqsız olaraq icbari hərbi xidmətdən yayınmaqda ittiham olunaraq məhkum edilmişdilər. Məhkəmənin qərarı ilə dövlət onlara 267000 dollar (242000 avro) təzminat ödəməlidir. Bu, əqidəyə görə hərbi xidmətdən imtina ilə bağlı işlərdə AİHM-nın indiyədək təyin etdiyi ən böyük təzminatdır.

2012-ci ildə bu Yehovanın Şahidləri əqidələrinə görə hərbi xidmətdən və alternativ mülki xidmətdən imtina etdiklərinə görə məhkum edilmişdi. Onların alternativ mülki xidmətdən imtina etmələrinə səbəb o vaxt bu xidmətin hərbi orqanların nəzarəti altında olması və onun əslində mülki xarakterli olmaması idi. 2013-cü ildə Ermənistan əsl mülki xarakterli alternativ xidmət haqqında qanun qəbul etdi. Lakin həmin vaxtadək ittiham olunan 22 Yehovanın Şahidindən 20-si onlara təyin olunmuş həbs müddətlərini artıq çəkmişdi. O vaxtdan etibarən isə Ermənistanda Yehovanın Şahidləri hərbi xidmətdən imtinaya görə həbsə salınmır.

5 dekabr tarixli qərarında AİHM 2017-ci ildə «Adyan və başqaları Ermənistana qarşı» işi üzrə Yehovanın Şahidlərinin xeyrinə çıxardığı qərarına istinad edib. AİHM bildirib ki, Ermənistan hökumətinin hər iki işin hallarının eyni olduğundan xəbəri var idi və bu səbəbdən 22 Yehovanın Şahidi ilə barışıq sazişi bağlamalı idi. Lakin ötən il ərzində Yehovanın Şahidlərinin barışıq sazişi bağlamaq cəhdlərinə baxmayaraq, hökumət bundan imtina edib. Bu səbəbdən AİHM yekdil və müsbət qərar verib.

Xoşbəxtlikdən, 2013-cü ildən sonra Ermənistanın əqidəyə görə hərbi xidmətdən imtina etmək məsələsi ilə bağlı mövqeyində xeyli müsbət irəliləyişlər olub. Bu ölkədə Yehovanın Şahidləri bitərəf mövqelərinə görə daha həbs olunmur və məhkumluqları üzərlərindən götürülüb. Ermənistanda son yeddi il ərzində həyata keçirilən alternativ mülki xidmət digər ölkələr üçün gözəl nümunədir. Bununla belə, AİHM 5 dekabr tarixli qərarı ilə Ermənistanı 2012-ci ildə beynəlxalq hüquq normalarını pozduğuna görə mühakimə edib.

AİHM bu qərarı ilə aydın mesaj göndərib: beynəlxalq hüquq normalarını pozan dövlətləri ciddi cəza gözləyir. Bu möhtəşəm hüquqi qələbəyə görə Yehova Allahımıza ürəkdən minnətdarıq. Biz dua edirik ki, bu qərar alternativ mülki xidmətin hələ ki olmadığı Azərbaycan, Cənubi Koreya, Türkiyə və Türkmənistan kimi ölkələrdə əqidələrinə görə icbari hərbi xidmətdən imtina edən qardaşlarımızın işinə müsbət təsir etsin.