Kontentə keç

15 YANVAR 2013-CÜ İL
FİCİ

Tropik siklon «Evan» Cənubi Sakit okean adalarına divan tutur

Tropik siklon «Evan» Cənubi Sakit okean adalarına divan tutur

Suva, Fici. 2012-ci il dekabrın ortalarında 4-cü dərəcəli tropik siklon Fici və Samoanı öz cənginə aldı. Son 70 il ərzində Ficidə baş vermiş siklonlar arasında ən güclüsü sayılan «Evan» böyük dağıntılara səbəb olub: minlərlə insanları evsiz qoyub və infrastruktura zərər vurub. Bir şərhçi bu siklonun Samoaya vurduğu zərəri 2009-cu ildə dəhşətli sunaminin vurduğu zərərlə müqayisə edib.

Yehovanın Şahidlərindən tələf olanlar və xəsarət alanlar olmasa da, siklon bir çox Şahidlərin evlərinə zərər vurmuşdur. İlkin hesablamalara görə, Ficidə 80-dən çox Şahidin evinə ya zərər dəymiş, ya da ki uçmuşdur. Samoanın Upolu adasında 47 Şahid qasırğa ucbatından evsiz qalmışdır.

Samoada evsiz qalanlar Yehovanın Şahidlərinin yerli ibadət evlərində, eləcə də həmimanlılarıgildə yerləşdirilmişlər. Samoada sonrakı yardım işləri Yehovanın Şahidlərinin Avstraliya filialı tərəfindən təşkil olunmuşdur. Dekabrın 18-dək dörd yığıncağa ərzaq məhsulları və gigiyena vasitələri paylanmış, Yehovanın Şahidlərinin tərcümə ofisi isə zərər çəkənləri içməli su ilə təmin etmişdir. Həmçinin bir qrup Şahid ziyan dəymiş evləri təmir etmiş, su basmış evləri isə su şırnağı ilə palçıqdan təmizləmiş və dezinfeksiya etmişdir. Ficidə qasırğanın qurbanlarının zəruri ehtiyacları Şahidlərdən ibarət könüllülərdən təşkil olunmuş yardım komitələri tərəfindən təmin edilmişdir. Hal-hazırda həmin komitələr məhsullarına ziyan dəymiş Şahidlərin gələcək ehtiyaclarını hesablayır.

Yehovanın Şahidlərinin Ficidəki media nümayəndəsi Tevita Sadol demişdi: «Təbii fəlakətdən sonra görüləsi iş hələ çoxdur, amma bizim əhval-ruhiyyəmiz yüksəkdir. Bundan sonra da həmimanlılarımıza və digər insanlara yardım əlimizi uzatmağa hazırıq».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +17185605000

Avstraliya: Donald Maklin, tel. 61298295600

Fici: Tevita Sadol, tel. 6793304766