29 APREL 2024
FİLİPPİN
«Məttanın müjdəsi» Filippin jest dilində işıq üzü gördü
2024-cü il aprelin 21-i Filippin filial komitəsinin üzvü Din Ceysek Keson şəhərində yerləşən filialda keçirilən xüsusi proqram zamanı «Məttanın müjdəsi»nin Filippin jest dilində işıq üzü gördüyünü elan etdi. 413 dindaşımız proqramda canlı şəkildə iştirak etmişdi. 3998 nəfər isə görüşə ölkənin müxtəlif yerlərindən videokonfrans vasitəsilə qoşulmuşdu. Kitabı həmin andaca jw.org saytından və «JW Library Sign Language» tətbiqindən yükləmək mümkün oldu.
Ən azı 500 000 nəfər Filippin jest dilindən istifadə edir. İlk Filippin jestdilli yığıncaq 1999-cu ildə Keson şəhərində yaranmışdı. Bu dilə Müqəddəs Kitaba əsaslanmış ilk ədəbiyyat isə 2011-ci ildə tərcümə olunmuşdur. Bu gün ölkədə 72 jestdilli yığıncaq və qrupda 3000-dən çox bacı-qardaş xidmət edir.
İlk dəfədir ki, Müqəddəs Kitabın bir bölməsi tam şəkildə Filippin jest dilinə tərcümə olunub. Eşitmə qabiliyyəti məhdud olan bir qardaş deyir: «“Məttanın müjdəsi” işıq üzü görməzdən əvvəl kitabın yalnız bəzi ayələrinin tərcüməsi əlimizdə var idi. Bu sanki bütöv bir pazlın yalnız bir neçə fraqmentinə sahib olmaq kimi bir şey idi. İndi isə biz bütöv şəkli görə bilərik!» Filippin jestdilli yığıncaqda xidmət edən bir ağsaqqal bölüşür: «“Məttanın müjdəsi”ndə bizə yığıncağın qayğısına qalmağa kömək edən çoxlu prinsiplər var. Məsələn, Mətta 5:23, 24 ayələri bizi təşviq edir ki, aramızda fikir ayrılığı yarananda sülhü qoruyaq. Yehovaya dönə-dönə minnətdaram ki, belə vacib dərsləri bizim üçün əlçatan edib».
«Məttanın müjdəsi» Filippin jest dilinə tərcümə olunduğu üçün çox sevinirik. Bunun sayəsində daha çox səmimi insan Allahın Kəlamından faydalana biləcək (Mətta 7:24, 25).