3 APREL 2024
FİLİPPİN
Sebuan və panqasinan dillərində çıxan «Gözətçi qülləsi»nin yetmiş beş illiyi
2024-cü ilin aprel ayı Filippində mühüm bir tarixdir. Düz 75 il əvvəl, 1949-cu ilin aprel ayında sebuan və panqasinan dillərində «Gözətçi qülləsi»nin ilk sayı işıq üzü gördü.
Padşahlıq haqqında xoş xəbər Filippinə ilk dəfə 1900-cü illərin əvvəlində gəlib çatıb. Bacı-qardaşlarımız xidmətdə əvvəl-əvvəl ingilis dilində olan nəşrlərdən istifadə edirdilər. Amma aydın görünürdü ki, nəşrlərin yerli dillərdə olmasına böyük ehtiyac var. 1947-ci ildən başlayaraq «Gözətçi qülləsi» jurnalı Filippində ən çox istifadə olunan taqal dilinə tərcümə olunurdu. 1948-ci ilin sonuna yaxın isə sebuan və panqasinan dillərinə tərcümə olunması üçün tədbirlər görüldü və bir neçə ay sonra bu dillərdə jurnalın ilk sayı dərc edildi.
Növbəti iki il ərzində qardaşlar mimioqrafdan istifadə edərək yerli filialda jurnalların surətlərini çıxarırdılar. Nəşrlərə tələbat artdıqca sebuan və panqasinan dillərindəki «Gözətçi qülləsi»nin çapı o vaxt Bruklində (ABŞ, Nyu-York) yerləşən Yehovanın Şahidlərinin Baş idarəsinə a köçürüldü.
O vaxt sebuan və panqasinan dillərindəki «Gözətçi qülləsi»nin tərcüməsində iştirak edən bacı-qardaşlar bunu özlərinə şərəf bilirdilər. 1980-ci ildə panqasinan tərcümə qrupunda xidmət edən Xuan Landiko qardaş deyir: «Əvvəllər tərcümədəki gecikmələrə görə panqasinan dilindəki “Gözətçi qülləsi” ingilis dilindən altı ay sonra çıxırdı. 1986-cı ildə tərcümə üsullarının təkmilləşdirilməsi sayəsində ingilis və panqasinan dillərindəki nəşrlər eyni vaxtda çıxmağa başlayanda sevincimizin həddi hüdudu yox idi. Biz, həqiqətən də, Yehovanın müqəddəs ruhunun köməyini hiss edirdik».
Filippin filialında xidmət edən və 46 ildir ki nəşrlərimizin sebuan dilinə tərcümə olunmasında iştirak edən Belen Kanyete bacı bölüşür: «Əvvəllər tərcüməçi az, iş isə çox idi. Bəzən çətinlik çəkirdik. Amma indi bizim ən yaxşı texnologiya və vəsaitlərimiz var, həmçinin tərcüməçilərimiz də yaxşı təlim keçiblər. Mən Yehovanın misi qızıla necə çevirdiyini, xidmətçilərinin qayğısına necə qaldığını öz gözlərimlə gördüm».
Filippində 26 milyon insan sebuan dilində danışır. Bu saya 1150 sebuandilli yığıncaqda xidmət edən 76 000-dən çox bacı-qardaş da daxildir. Həmçinin 2 milyon insan panqasinan dilində danışır. Buna 68 panqasinandilli yığıncaqda xidmət edən təxminən 6000 dindaşımız daxildir. Hal-hazırda Filippin filialında nəşrlərimiz 24 dilə tərcümə olunur. «Gözətçi qülləsi» jurnalı bu dillərin onuna tərcümə olunur. Hazırda sebuan və panqasinan dillərindəki nəşrlər Yaponiya filialında çap olunur.
Yehovaya minnətdarıq ki, tərcümə işinin irəliləməsinə kömək etdi və həqiqətə susayan sebuandilli, panqasinandilli insanlara Kəlamını əlçatan etdi (Əşiya 55:1).
a Hal-hazırda Yehovanın Şahidlərinin Baş idarəsi Vorvikdə (ABŞ, Nyu-York) yerləşir.