Kontentə keç

14 YANVAR 2013-CÜ İL
FİLİPPİN

«Bofa» tayfunu Filippini viran qoyub

«Bofa» tayfunu Filippini viran qoyub

MANİLA, Filippin. 2012-ci il dekabrın 4-də, çərşənbə axşamı Filippini ağuşuna alan tayfunun törətdiyi böyük dağıntılar nəticəsində 1000-dən çox insan tələf olub, 970000-dən çox adam isə evsiz-eşiksiz qalıb. Üstündən bir ay keçsə də, Yehovanın Şahidləri hələ də «Bofa» tayfununun (yerli ərazidə «Pablo» tayfunu kimi tanınır) qurbanlarına yardım göstərməyə davam edirlər.

Yehovanın Şahidlərinin Maniladakı filialı yanvarın 7-də təəssüf hissi ilə təsdiq etdi ki, fırtına nəticəsində Yehovanın Şahidlərindən beş nəfər həyatını itirib, bir nəfər isə onurğası ciddi zədələndiyinə görə xəstəxanaya yerləşdirilib. Bundan əlavə, Yehovanın Şahidlərinin evlərindən 140-ı uçub, 400-nə isə zərər dəyib. Bu səbəbdən təxminən 520 ailə evsiz qalıb.

Filialın təmsilçiləri tayfunun dağıntılar törətdiyi əraziyə şəxsən baş çəkmişlər ki, vurulan zərərin həcmini müəyyənləşdirsinlər, yardım işlərini təşkil etsinlər, sağ qalanlara təsəlli versinlər və ruhani köməklik göstərsinlər. Şahidlər zərər çəkənlərə yardım göstərmək və azuqə paylamaq işində yerli könüllülərə kömək etmək məqsədilə yeddi ərazidə fəaliyyət göstərən komitə təşkil etmişlər.

Ölkənin bəzi ərazilərində fırtına, düyü sahələri, banan plantasiyaları və kokos ağacları da daxil olmaqla, əsas ərzaq və gəlir sahələrini tamamilə məhv etmişdir. Şahidlərin təşkil etdiyi yardım komitəsi 13 tondan çox ərzaqla yüklənmiş yük maşınlarını həmin ərazilərə göndərmişlər. Fırtınanın zərər vurduğu bir əraziyə azuqə çatdırmaq, demək olar ki, mümkün deyildi, çünki oradakı körpü uçmuşdu.

«Bofa» tayfunu Padşahlıq zalı adlanan 15 ibadət evinə də zərər vurmuş, 2-ni isə darmadağın etmişdi. Evsiz-eşiksiz qalanların bəziləri müvəqqəti olaraq salamat vəziyyətdə olan Padşahlıq zallarında yerləşdirilmişlər. Yardım komitəsi onları daha münasib evlərə köçürmək istiqamətində iş görür.

Yardım işləri həm yerli ərazidəki, həm də bütün dünyadakı Yehovanın Şahidləri tərəfindən edilən ianələr hesabına maliyyələşdirilir. Yehovanın Şahidlərinin Rəhbərlik Şurası Şahidlərin ümumdünya işinə edilən ianələrin sayəsində bu kimi xərclərin ödənilməsinin qayğısına qalır.

Yehovanın Şahidlərinin Filippindəki təmsilçisi Din Ceysek demişdi: «Dostlarımızın və həmimanlılarımızın itkisi bizi çox kədərləndirir və bu fırtınanın gətirdiyi fəlakət hamımızı pərişan edir. Bununla belə, əlimizdən gəldiyi qədər yardım etməyə, habelə insanlara ruhani köməklik göstərməyə və təsəlli verməyə davam edəcəyik».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +17185605000

Filippin: Din Ceysek, tel. +6324116090