6 AVQUST 2019
FRANSA
Fransa filialında yeni Müqəddəs Kitab muzeyi açılıb
25 iyul 2019-cu il tarixində Luvye şəhərində (Parisdən təxminən 100 kilometr aralıda) yerləşən Yehovanın Şahidlərinin Fransa filialında yeni Müqəddəs Kitab muzeyinin açılışı olub. Ekspozisiya «Allahın adı və fransızca Müqəddəs Kitab» adlanır.
Muzeydə fransız dilində nadir və əhəmiyyətli Müqəddəs Kitab tərcümələri nümayiş etdirilir. Ekspozisiyanın incilərindən biri 1535-ci ildə dərc edilmiş Olivetanın Müqəddəs Kitabının əslidir («La Bible de Serrières» adı ilə də tanınır). Bu, protestantların fransız dilinə tam olaraq tərcümə etdikləri, eləcə də orijinal dillərdən tərcümə edilən ilk Müqəddəs Kitab tərcüməsidir. Olivetanın tərcüməsi Müqəddəs Kitabın sonrakı tərcümələrinə, məsələn, 1537-ci ildə işıq üzü görmüş «Məttanın Müqəddəs Kitabı»na (ingiliscə) və «Cenevrə Müqəddəs Kitabı»na (ingiliscə və fransızca) böyük təsir göstərib. Muzeydə digər nadir Müqəddəs Kitab nüsxələri də nümayiş etdirilir: Jak Lefevr d’Etaplın fransızca Müqəddəs Kitabının üçüncü nəşri (1541-ci il), Paris nəşriyyatçısı Robert Etyennin «Latınca Tövrat»ı (1541-ci il) və «Latınca Müqəddəs Kitab»ı (1545-ci il), eləcə də Lion nəşriyyatçısı Jan de Turnun fransızca Müqəddəs Kitabı (1557-ci il).
Olivetanın Müqəddəs Kitabında, Robert Etyennin «Latınca Tövrat»ında və «Latınca Müqəddəs Kitab»ında, eləcə də Jan de Turnun fransızca Müqəddəs Kitabında Allahın adı olan Yehova adına rast gəlinir. Bu kitablar ilk dəfə Yehovanın Şahidlərinin Vorvikdəki (Nyu-York ştatı) baş idarəsində yerləşən Muzey şöbəsinə ianə edilmişdi. İndi onlar Fransa filialımızın Müqəddəs Kitab kolleksiyasının bir hissəsidir.
Muzey şöbəsində xidmət edən Enrike Ford deyir: «Fransa filialında açılan yeni Müqəddəs Kitab muzeyi Müqəddəs Kitabın fransız dilinə maraqlı tərcümə tarixindən bəhs edir və danılmaz bir faktı xatırladır — Allahın adı Yehova Müqəddəs Kitabda olmalıdır. Biz bütün dünyadakı muzeylərimizdə nümayiş etdirə biləcəyimiz nadir və xüsusi Müqəddəs Kitab tərcümələrini axtarmağa davam edirik».