Kontentə keç

5 FEVRAL 2015-Cİ İL
FRANSA

Fransanın Ali İnzibati məhkəməsi ayrı-seçkiliyə son qoyur

Fransanın Ali İnzibati məhkəməsi ayrı-seçkiliyə son qoyur

Sizinlə görüşəndən sonra özümü xoşbəxt hiss edirəm və mahnı oxuyuram. Gəlişiniz mənə təsəlli verir və Müqəddəs Kitabı öyrənmək həyatımı mənalı edir.

Dini xidmətinizə görə apardığınız hüquqi, inzibati, ruhani mübarizəyə görə sizə minnətdaram.

Bu xidmət dualarımın cavabıdır.

Bu, Fransada həbsdə olan məhbusların onlara ruhani xidmət göstərən Yehovanın Şahidlərinə olan minnətdarlıq sözləridir.

2013-cü il oktyabrın 16-da Fransanın Ali İnzibati məhkəməsi Yehovanın Şahidlərinə qarşı ayrı-seçkiliyə son qoyan qərar verdi. Məhkəmənin qərarı ilə Yehovanın Şahidlərinə rəsmi din xadimi timsalında həbsxanalara gedərək onlara ziyarət edilməsini istəyən məhbuslara ruhani kömək göstərmələrinə icazə verildi. *

Yehovanın Şahidlərinə din xadimi sertifikatı verilməsindən imtina edilir

Yehovanın Şahidlərinin onları rəsmi din xadimi kimi tanıdan sertifikatları olmadığı halda, həbsxana rəhbərlikləri uzun illərdir onlara icazə verirdilər ki, məhbusları ziyarət edib onlara ruhani yardım etsinlər. 1995-ci ildə Parlament Komissiyası Yehovanın Şahidlərinin də yer aldığı «təhlükəli təriqətlər» siyahısının daxil edildiyi mübahisəli hesabatı təqdim edəndən sonra vəziyyət dəyişməyə başladı. Bu cür mənfi sinifləndirmə Yehovanın Şahidlərinin etibarına xələl gətirməkdən daha da betər idi. Bu həbsxana sistemində də özünü biruzə verdi.

Parlamentin hesabatı hüquqi cəhətdən məcburi olmasa da, bəzi həbsxana rəhbərlikləri Yehovanın Şahidlərinin ruhani yardım almaq istəyən məhbuslarla əlaqə yaratmalarını məhdudlaşdırmaq üçün 1995-ci ildəki hesabatı əldə rəhbər tutdular. Yehovanın Şahidi bir məhbusu din xadimi kimi yox, ümumi qanun çərçivəsində sıravi vətəndaş kimi ziyarət edə bilərdi. Özü ilə Müqəddəs Kitab və digər dini ədəbiyyat gətirməsinə icazə verilmirdi. Ziyarətlər ruhani söhbətlər üçün əlverişsiz olan ümumi görüş otaqlarında keçirilirdi. Bir Yehovanın Şahidi görüş otaqlarındakı ab-hava haqqında belə demişdi: «Elə bil dəmir yolu stansiyasının səsli-küylü gözləmə zalındasan». Bəzi həbsxanalarda belə görüşlərdən sonra məhbusları tamamilə soyundurub, başdan-ayağa yoxlayırdılar, çünki məhbusun görüşdüyü şəxs dövlətin sertifikat verdiyi din xadimi deyildi.

Yehovanın Şahidləri başqa dinlərə mənsub sertifikatı olan din xadimləri ilə eyni hüquqlara sahib olmaq üçün 2003-cü ildə Fransa Həbsxana Administrasiyasına müraciət etmişdilər. Bütün ərizələri qəti surətdə rədd edildi. Şahidlər bu özbaşınalığa və ayrı-seçkiliyə görə yuxarı inzibati orqanlara müraciət etdilər və bu dəfə də müraciətləri rədd edildi. Fransanın Ədliyyə Nazirliyi Yehovanın Şahidlərinə nəyə görə din xadimi sertifikatı vermədiklərinə rəsmi səbəb kimi onların həbsxanalara girmək səlahiyyəti verilən dinlər siyahısında olmamalarını gətirdi. Nazirlik həmçinin izah etdi ki, Yehovanın Şahidlərindən birinə belə din xadimi sertifikatı verilərsə, digər dini azlıqlar da cəsarətlənib bu sertifikatı tələb edəcəklər. Ədliyyə Nazirliyi vasitəsilə məsələnin həll olunması cəhdi uğursuz olandan sonra, Şahidlərin bu işi məhkəməyə verməkdən başqa seçimləri qalmadı.

Dövlət ayrı-seçkiliyə son qoymaqdan imtina edir

2006-cı ildə Yehovanın Şahidləri etirazların ləğv olunması və Ədliyyə Nazirliyinin onlara din xadimi sertifikatı verməsi üçün məhkəmələrə müraciət etdilər. Bu işlə bağlı qərar verən hər İnzibati məhkəmə və Apelyasiya məhkəməsi bəyan etdi ki, dövlətin bu barədə etirazları qanunsuzdur. Üstəlik, 2010-cu ildə Fransa Ayrı-Seçkiliklə Mübarizə və Bərabərlik Baş Orqanı hökumətin mövqeyini ittiham etdi və Ədliyə Nazirliyinə ayrı-seçkiliyə son qoymağı tövsiyə etdi.

Fransa hökuməti nəinki bu xəbərdarlığı və məhkəmənin qərarını, hətta Dövlət Şurasına və Fransa Ali Məhkəməsinə edilən müraciətlərə fikir vermədi.

Yehovanın Şahidlərinin lehinə verilən tarixi qərar

Nəhayət 2013-cü ildə Şahidlərin bu məhkəmə işi Dövlət Şurasına təqdim olundu. Məhkəmə araşdırma aparmaq üçün buna bənzər doqquz məhkəmə işini birləşdirdi və 2013-cü il oktyabrın 16-da Fransa hökuməti tərəfindən edilən müraciətləri rədd etdi. Qərarda qeyd olunurdu ki, məhbusların hüquqlarına hörmət əlaməti olaraq Həbsxana Administrasiyası «məhbus ziyarət edilməsini istəyən kimi kifayət qədər Şahidə din xadimi sertifikatı verməli və sadəcə həbsxananın təhlükəsizliyi və ehtiyacı ilə maraqlanmalıdır». Üstəlik, Fransa Konstitusiyasına və İnsan haqları üzrə Avropa Konvensiyasına əsaslanaraq, Dövlət Şurası bəyan etdi ki, «məhbusların fikir, vicdan, din azadlığına zəmanət verilir və onlar seçdikləri dinin tələblərini yerinə yetirə bilərlər». Bu qərarın nəticəsində ölkə xaricindəki ərazilər də daxil olmaqla, Fransada bu günə qədər 105  din xadimi sertifikatı verildi. Bununla da, Yehovanın Şahidlərinin məhbusları ziyarət etmələri mümkün oldu.

2014-cü ilin yanvarında Fransa Həbsxana Administrasiyası Yehovanın Şahidi olan Jan-Mark Furko Yehovanın Şahidlərinin rəsmi din xadimi təyin etdi. Bu təyinatın sayəsində Furko Fransanın bütün həbsxanalarına girə bilir. Həmçinin ona Həbsxana Administrasiyası qarşısında Yehovanın Şahidlərinin nümayəndəsi olmaq səlahiyyəti verildi. Furko deyir: «İndidən belə digər dinlərin səlahiyyətli nümayəndələri kimi Yehovanın Şahidi olan din xadimləri də məhbuslarla şəxsən, münasib yerlərdə, bəzən isə məhbusun qaldığı hücrədə görüşə biləcəklər.

Bu qərar Fransada din azadlığı baxımından əldə edilmiş ən vacib qələbələrdən biridir. Bu qərar məhbusun seçdiyi dinin tələblərini yerinə yetirmək və istədiyi din xadimi ilə görüşmək hüququnun olduğunu bir daha təsdiqləyir. Yehovanın Şahidləri minnətdardırlar ki, Fransa məhkəməsi ayrı-seçkiliyə son qoydu və Yehovanın Şahidlərini ölkədə bir din kimi tanımaqla bağlı irəli addım atdı.

^ Bəzi məhbuslar həbsxanada Şahidlərlə görüşəndən sonra Yehovanın Şahidi olurlar. Başqaları isə ya cinayət törətməmişdən əvvəl Yehovanın Şahidləri ilə görüşüb, ya da Yehovanın Şahidi olan ailələrdə böyüyüblər və indi də yığıncağa qayıtmağı arzulayırlar. Həbsxanada olarkən Yehovanın Şahidlərinin onları ziyarət etməsini istəmələrinin səbəbi nə olursa olsun, başqa dinlərə etiqad edən şəxslərə verilən din azadlığına onlar da sahib olmalıdırlar.