Kontentə keç

30 OKTYABR 2020
HİNDİSTAN

Hindistanın üç dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» işıq üzü görüb

Hindistanın üç dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» işıq üzü görüb

Bazar günü, 25 oktyabr 2020-ci il tarixində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» Hindistanın üç dilində işıq üzü görüb: qucarat, kannada və pəncab. Müqəddəs Yazıların elektron formatda buraxılışı barədə nitq əvvəlcədən yazıya alınmışdı. Təbliğçilər proqrama öz evlərində baxırdılar. Proqramdan dərhal sonra təbliğçilərin Müqəddəs Kitabı doğma dillərində yükləmək imkanı oldu.

Qucarat

Bütün dünyada təxminən 61 milyon insan qucarat dilində danışır.

Altı tərcüməçidən ibarət iki qrup bu tərcümənin üzərində yeddi il işləyib. Tərcüməçilərdən biri deyib: «Bu tərcümə qəlbimizi sevinclə doldurur. Onun dili o qədər asandır ki, hətta uşaq başa düşə bilər».

Başqa bir tərcüməçi deyib: «Bu tərcümədə Yehovanın adı orijinalda işləndiyi bütün yerlərdə bərpa olunub. Biz əminik ki, bacı-qardaşlar ondan şəxsi mütaliə zamanı istifadə etdikcə imanları möhkəmlənəcək».

Şübhə yoxdur ki, bu sadə tərcümə oxucuların zehninə böyük təsir göstərəcək və həlimlərə Yehovanın yolları barədə öyrənməyə kömək edəcək (Zəbur 25:9).

Kannada

Kannada dilinin şifahi və yazılı formaları bir-birindən olduqca fərqlidir. Şifahi dil ərazidən əraziyə dəyişir. Kannada dilində Müqəddəs Kitabı hamı başa düşsün deyə tərcüməçilər mətni təhrif etmədən onu təbii və sadə dilə tərcümə etməli idilər. Ən böyük çətinlik də elə bu idi.

Tərcümə yeddi ildən bir az çox vaxta ərsəyə gəlib. Onun üzərində on tərcüməçi işləyib. Tərcüməçilərdən biri deyib: «Elə düşünürdüm ki, COVID-19 pandemiyasına görə bu tərcümə 2021-ci ilə qədər çıxmayacaq. Lakin Müqəddəs Kitabın buraxılışı göstərir ki, Yehovanın işinin qarşısını heç nə ala bilməz».

Başqa bir tərcüməçi isə əlavə edib: «Biləndə ki, kannadadilli insanlar Yehovanın sözünü doğma dillərində oxuyacaqlar və Onun adını olmalı olduğu hər yerdə görəcəklər, adamın ürəyi riqqətə gəlir!»

Hindistan filialının ərazisində 2800-dən çox kannadadilli təbliğçi xidmət edir. Bütün dünyada isə bu dildə təxminən 46 milyon insan danışır. Biz əminik ki, Müqəddəs Kitabın bu tərcüməsi həm təbliğçilərin işinə yarayacaq, həm də digər insanları Allahın bol nemətləri, ümman kimi dərin hikmət və biliyi ilə tanış etməkdə vacib alət olacaq (Romalılara 11:33).

Pəncab

Pəncab dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» 12 ilə ərsəyə gəlib. Onun üzərində altı tərcüməçi işləyib. Bu Müqəddəs Kitabdan Hindistan subkontinentində və bütün dünyada yaşayan 100 milyondan çox insan faydalanacaq.

Tərcüməçilərdən biri xatırlayır: «İmkanlarımız məhdud idi, amma biz əlimizdən gələni edirdik. Yehovanın köməyi sayəsində Müqəddəs Kitabın tərcüməsini başa çatdırdıq. Bu Müqəddəs Kitab bacı-qardaşlarımızın imanını möhkəmləndirəcək, narahat qəlblərinə məlhəm olacaq və onları qarşıda gözləyən sınaqlara hazırlayacaq».

Başqa bir tərcüməçi deyib: «Səmimi-qəlbli insanlar bu Müqəddəs Kitabı, xüsusilə də onun poetik dillə yazılan bölmələrini oxumaqdan zövq alacaq. Onlar bu tərcümənin bütün axtarış vəsaitlərindən faydalanacaq».

Biz, bu qardaşlar kimi, Yehovanın saya gəlməyən bütün möcüzələrinə görə ürəkdən minnətdarıq (Zəbur 40:5).