Kontentə keç

Vadodara şəhərinin su basmış küçələri (Qucarat ştatı)

16 AVQUST 2019
HİNDİSTAN

Hindistanın qərbində baş vermiş daşqınlar

Hindistanın qərbində baş vermiş daşqınlar

Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Hindistanda baş vermiş daşqınlar nəticəsində qərbi ştatlar Qucarat, Maharaştra, Karnataka və Keralada ən azı 169 nəfər həyatını itirib.

Hindistan filialının verdiyi məlumata görə, qardaşlarımız arasında həlak olan, yaxud xəsarət alan yoxdur. Filial növbəti məlumatları təqdim edib:

Qucarat. Vadodara şəhərində 145 təbliğçi daşqından ziyan çəkib. Vadodarada yerləşən Qucarat tərcümə ofisinə ziyan dəyməyib.

Maharaştra. Mumbai şəhərində altı ailənin evinə ziyan dəyib. Mumbaidən təxminən 378 kilometr cənub-şərqdə yerləşən Sanqli şəhərində 25 təbliğçi evini tərk etməli olub. Qonşu şəhərlərdəki qardaşlar onları qalmağa müvəqqəti yerlərlə təmin edib.

Karnataka. Daşqın ucbatından altı ailə evlərini tərk edib. Leysan yağışları və daşqın bu ştatda yerləşən filialımıza ziyan vurmayıb.

Kerala. 100-ə yaxın ailə yüksək əraziyə köçürülüb və müvəqqəti olaraq həmin ərazidə yaşayan dindaşlarının evlərində yerləşdirilib. Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi vəziyyəti araşdırır.

Filial zərər dəymiş ərazilərdə görülən işlərə nəzarət edir. Rayon nəzarətçiləri və Yerli layihə-inşaat şöbəsinin filialdankənar əməkdaşları dəymiş zərəri müəyyən edir və zərərçəkmiş bacı-qardaşlarımıza yardım göstərir. Onlar zərərçəkənləri içməli su və digər zəruri şeylərlə təmin edir, onlara ruhani təsəlli verir.

Biz dua edirik ki, Yehova zərərçəkmiş bacı-qardaşlarımıza dayaq olsun. Təbii fəlakətlərin baş verməyəcəyi və «əmin-amanlığın bolluğundan» zövq alacağımız vaxtı həsrətlə gözləyirik (Zəbur 37:11).