1 NOYABR 2023
HİNDİSTAN
Hindistandakı bacı-qardaşlar bir-birinə arxa-dayaqdır
jw.org saytında artıq xəbər verdiyimiz kimi bazar günü 29 oktyabr 2023-cü il tarixində Hindistanın Kerala ştatında keçirilən regional toplantıda bir neçə partlayış olub. Əfsuslar olsun ki, partlayış zamanı həlak olan iki bacımızdan əlavə 12 yaşlı balaca bacımız da aldığı yaralardan həyatını itirib. 55 bacı-qardaş yaralanıb, bəziləri güclü yanıq xəsarətləri alıb.
Hal-hazırda üç bacımız və iki qardaşımız ağır vəziyyətdə xəstəxanadadır. Hökumət nümayəndələri təsdiq edib ki, səhər saat 9:40-da giriş duası zamanı ən azı üç bomba partladılıb. Bu dəhşətli hadisəni törətməkdə şübhəli bilinən şəxs polis nəzarətindədir. İstintaq davam edir.
Hadisə yerinə dərhal gəlmiş təcili yardım xidmətinin əməkdaşlarına, eləcə də xəstəxanada yaralıların qeydinə qalan tibb işçilərinə çox minnətdarıq.
Toplantıda olan bacı-qardaşlar dindaşlarının bir-birinə göstərdiyi məhəbbət və qayğını üzərlərində hiss etdilər. Bomba partlayanda orada olan bir bacı deyir: «Dərhal Yehovaya dua etdim. Orada olan və sonradan gələn qardaşlar bizə qayğı göstərdilər və təhlükəsizliyimizi təmin etmək üçün tez hərəkətə keçdilər. Bu, Yehovanın bizə olan məhəbbətinin təzahürü idi».
Hindistan filialının komitə üzvləri, rayon nəzarətçiləri və yerli ağsaqqallar zərərçəkənlərə lazımi maddi və mənəvi köməyi göstərirlər. Zərərçəkənlərə baş çəkmək üçün Keralaya getmiş filialda xidmət edən bir ağsaqqal gördüklərini bölüşür: «Keçirdikləri şoka, aldıqları xəsarətlərə baxmayaraq, bacı-qardaşlarımız müsbət əhval-ruhiyyəni itirmir. Bu məni çox ruhlandırdı. Çoxları ilə ünsiyyət etdim. Onların Yehovaya necə etibar etdiklərini görmək imanımı möhkəmləndirdi».
Hindistanda bu dəhşətli hadisə nəticəsində ölən və yaralanan bacı-qardaşlarımızın yaxınları üçün dua edirik. Müqəddəs Kitabda vəd olunan zorakılığın, əzab-əziyyətin və ölümün olmayacağı həyat ümidi bizə təskinlik verir. Bundan sonra da tək güvənc yerimiz Yehovadır (Zəbur 56:3).