Kontentə keç

17 AVQUST 2018
HİNDİSTAN

Cənub-Qərbi Hindistanda dağıdıcı torpaq sürüşmələri

Cənub-Qərbi Hindistanda dağıdıcı torpaq sürüşmələri

Hindistanın Kerala ştatında baş verən güclü musson yağışları təxminən 25 torpaq sürüşməsinə və ən azı 75 insanın ölümünə səbəb olub. Hindistanın Meteorologiya Departamentinin hesabatına əsasən, hal-hazırda baş verən cənub-qərbi musson yağışları ərazinin tarixində baş verən ən güclü yağışlardan biri hesab olunur.

Hindistan filialının verdiyi məlumatlar bizi çox mütəəssir etdi. Məlumata əsasən, torpaq sürüşmələri ucbatından Yehovanın Şahidi olan 60 yaşlarında bir cütlük və Müqəddəs Kitabı öyrənən bir nəfər həyatını itirib, həmçinin Müqəddəs Kitabı öyrənən iki nəfər ciddi yaralanıb və xəstəxanaya yerləşdirilib. Üstəlik, 17 yaşlı qardaşımız qonşusunu xilas etməyə çalışarkən suda boğulub.

Vurulan zərəri müəyyən etmək üçün Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi yaradıldı və yardım işləri təşkil edildi. Bəzi ibadət evləri yardım mərkəzləri kimi istifadə edilməyə təyin edildi. Dindaşlarımızın evləri ilə bağlı verilən ilk hesabatlar göstərir ki, ən azı 46 ev ziyan görüb və ya sıradan çıxıb. Təxminən 85 ailə (475 təbliğçi) müvəqqəti olaraq dindaşlarının və qohumlarının evlərinə yerləşdirilib. Həmçinin filialın məlumatına əsasən, bəzi ibadət evləri daşqın suların altında qalıb. Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi xəbərdar edir ki, növbəti günlərdə də güclü yağışların olması gözləniləndir.

Filial nümayəndələri ərazidəki rayon nəzarətçisi və yığıncaq ağsaqqalları ilə birlikdə bacı-qardaşlarımıza təsəlli vermək və Allahın Kəlamı vasitəsilə ruhlandırmaq üçün onlara baş çəkdi.

Bu dağıdıcı musson yağışlarından zərər çəkən hər kəsə görə çox narahatıq və onlar üçün dua edirik. Belə təbii fəlakətlərin və onların səbəb olduğu ağrı-acıların bir daha olmayacağı vaxtı səbirsizliklə gözləyirik (Vəhy 21:3, 4).