Kontentə keç

Dindaşlarımız Nenosaban ailəsinin evini təmir edir (Kupanq, İndoneziya)

24 İYUN 2021
İNDONEZİYA

İndoneziyadakı yardım işləri sayəsində aramızdakı sevgi güclənir və yaxşı şahidlik verilir

İndoneziyadakı yardım işləri sayəsində aramızdakı sevgi güclənir və yaxşı şahidlik verilir

4 aprel 2021-ci il tarixində «Seroya» qasırğası İndoneziyada çoxlu dağıntılara səbəb oldu. Yardım işləri sayəsində həm bacı-qardaşların evləri təmir olundu, həm də onlar arasındakı sevgi gücləndi. Bunu görənlər Yehovaya alqış oxudu.

Zərərçəkənlərə yardım komitəsi tərəfindən evi təmir olunan və uşaqlarını tək böyüdən Ela Ludcipau bacı deyir: «Uşaqlarımla tək yaşasam da, bacı-qardaşların davamlı dəstəyi sayəsində özümü heç vaxt tənha hiss etməmişəm». Yuliana Baunsele bacı isə belə deyir: «Fəlakətdən dərhal sonra bacı-qardaşların köməyə gəldiyini görəndə bir daha əmin oldum ki, Yehova şəxsən mənim qayğıma qalır».

Zərərçəkənlərə yardım komitəsinin üzvü Diki Tomi qardaş bölüşür: «Yehovanın bacı-qardaşlara kömək əlini uzatdığını görmək çox xoşdur. Yardım alan dindaşlarımızın nə qədər minnətdar olduğunu görmək bizə çox təsir etdi. Onlar inanırdılar ki, Yehova onları qoruyacaq və kömək edəcək. Onların bu əminliyini görmək bizim imanımızı möhkəmləndirdi».

Bu əməli sevgini müşahidə edən təkcə bacı-qardaşlarımız deyildi. Marsel Banunaek qardaş ailəsi ilə birlikdə fərqli qəbilələrin olduğu bir ərazidə yaşayır. Onların qonşuları Yehovanın Şahidlərinə qarşı idi. Marsel qardaş bölüşür: «Fərqli qəbilədən olan bacı-qardaşların bizə kömək etdiyini görən qonşularımız dedi: “Yehovanın Şahidləri haqda tamamilə yanlış məlumatlandırılmışdıq”. Qonşularımız aramızdakı birliyi və məhəbbəti görüb heyran qaldılar. Həmçinin qohumlarımız da dindaşlarımızın məhəbbətinə şahid oldu. İndi onlar etiqadımızla maraqlanmağa başlayıblar. Bu cür sevgi dolu qardaşlıq məhəbbətinə görə çox minnətdarıq!»

Nenosaban ailəsi təmir olunmuş evlərinin önündə

Yerli hakimiyyət nümayəndəsi olan Yosi Duli Ottu xanım bildirir ki, Zərərçəkənlərə yardım komitəsi təşkilatçılıqda və COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməkdə nümunəvi davranıb. Yosi xanım komitə üzvləri ilə təəssüratlarını bölüşüb: «Dostlarınız üçün etdiklərinizə heyran qaldım. Siz tez bir zamanda zərərçəkənlərin köməyinə çatdınız. Təbii fəlakətlər zamanı yardım etməyə tamamilə hazırlıqlısınız».

Təbii fəlakətlər mal-mülkə zərər vursa da, aramızdakı məsihi məhəbbətinə və birliyə xətər yetirə bilməz. Əksinə, bir-birimizə dayaq olmağın sayəsində aramızdakı sevgi telləri daha da güclənir və başqaları yaxşı işlərimizi görüb Yehovanı mədh edir. Bütün bunlar ürəyimizi riqqətə gətirir (Mətta 5:16).