Kontentə keç

2 OKTYABR 2018
İNDONEZİYA

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami baş verdi

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami baş verdi

Cümə günü, sentyabrın 28-i İndoneziyanın Sulavesi adasında 7,5 bal gücündə zəlzələ baş verdi. Bu zəlzələ və ardınca sunami nəticəsində, əksəriyyəti Mərkəzi Sulavesinin Palu şəhərində yaşayan 1300-dən çox insan həyatını itirdi.

Cakartada yerləşən İndoneziya filialı bildirir ki, fəlakətin baş verdiyi ərazidə yaşayan 80 təbliğçinin hər biri ilə ayrıca maraqlanılıb. Bir neçə təbliğçi xəsarət alıb və tibbi qayğıya ehtiyac yaranıb. Bir qardaşımızın evi fəlakət ucbatından dağılıb və dindaşlarımıza məxsus başqa bir neçə ev ciddi zərər görüb. Həmçinin Palu yığıncağının ibadət görüşlərini keçirmək üçün istifadə etdiyi binaya ziyan dəyib.

Filialdakı Təbii fəlakətlər zamanı yardım masası qonşu yığıncaqlarla və rayon nəzarətçisi ilə əməkdaşlıq edərək yardım işlərini həyata keçirir. Fəlakətin baş verdiyi ərazidə yaşayan təbliğçilərin ərzaq, su və digər zəruri tələbatları çatışmadığı üçün filial Paludakı dindaşlarımızın ehtiyaclarının ödənilməsi üçün üç yığıncaqla razılığa gəldi. Ağsaqqallar təbliğçilərin ruhani, emosional və fiziki tələbatlarının qayğısına qalır. Həmçinin filial komitəsinin bir üzvü, Yerli layihə-inşaat şöbəsinin nəzarətçisi və rayon nəzarətçisi də dindaşlarımıza təsəlli vermək və onlara dəstək olmaq üçün həmin əraziyə baş çəkəcək.

İndoneziyadakı bacı-qardaşlarımızdan ötrü dua edirik. Əminik ki, Yehova bu keşməkeşli bir vaxtda onların gücü, pənahı olacaq (Zəbur 46:1).