Kontentə keç

Qardaşlar (soldan sağa) bask, Qalisiya və Valensiya dillərində Müqəddəs Kitabın «Mətta» və «Həvarilərin işləri» bölmələrinin çıxdığını elan edir

13 SENTYABR 2023
İSPANİYA

İncilin «Mətta» və «Həvarilərin işləri» bölmələri İspaniyada üç dildə işıq üzü gördü

İncilin «Mətta» və «Həvarilərin işləri» bölmələri İspaniyada üç dildə işıq üzü gördü

2 sentyabr 2023-cü il tarixində Yehovanın Şahidləri İncilin «Mətta» və «Həvarilərin işləri» bölmələrinin üç dildə — bask, Qalisiya və Valensiya dillərində çıxdığını elan etdi. İspaniyada bu dillərin danışıldığı ərazilərdə xüsusi görüşlər keçirildi və 42 yığıncaqdan olan bacı-qardaşlar bu görüşlərə şəxsən dəvət edildi. Elandan dərhal sonra Müqəddəs Kitabın bu bölmələrini hər üç dildə elektron formatda yükləmək mümkün oldu. İncilin bütün bölmələri tərcümə olunanda çap format əlçatan olacaq.

Bask dili

İspaniya filial komitəsinin üzvü Con Bursnal qardaş Vitoriya şəhərindəki ibadət evində İncilin «Mətta» və «Həvarilərin işləri» bölmələrinin bask dilində çıxdığını elan etdi. Təxminən 216 nəfər görüşdə canlı iştirak etmiş, 353 nəfər isə videokonfrans vasitəsilə görüşü izləmişdi. Bu, bask dilində «Yeni Dünya Tərcüməsi»nin ilk çıxan bölmələridir.

Bu gün İspaniya və Fransanın cənubunda təxminən 1,2 milyon baskdilli əhali yaşayır. İspaniyada baskdilli 233 təbliğçi dörd yığıncaqda, iki qrupda və üç yarımqrupda xidmət edir.

Bask dilində danışan bir qardaşa Mətta 3:17 ayəsində yazılmış Yehovanın sözləri dərin təsir bağışlamışdı. Ayədə deyilir: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam». Qardaş demişdi: «“Yeni Dünya Tərcüməsi”ndə “sevimli” sözünü ifadə etmək üçün “kuttuna” sözündən istifadə edilib. Bask dilində bu söz çox yaxın, mehriban münasibətləri bildirir. Bu söz Yehovanın Öz Oğluna bəslədiyi güclü məhəbbəti çox gözəl şəkildə ifadə edir».

Qalisiya dili

İspaniya filial komitəsinin üzvü Jürgen Veyand qardaş Santyaqo-de-Komposteladakı «Palacio de Congresos e Exposicións de Galicia»da 611 nəfərin iştirak etdiyi görüşdə Müqəddəs Kitabın «Mətta» və «Həvarilərin işləri» bölmələrinin Qalisiya dilində çıxdığını elan etdi. Həmçinin 552 nəfər görüşü videokonfrans vasitəsilə izlədi. İspaniyada 2 milyondan çox insan Qalisiya dilində danışır. Təxminən 1000 bacı-qardaşımız ölkədəki 18 qalisiyadilli yığıncaqda xidmət edir.

Bir bacı demişdi: «“Yeni Dünya Tərcüməsi” ailəmlə danışdığım dildə yazılıb. Onu ucadan oxuyanda çox təbii səslənir».

Valensiya dili

İspaniya filial komitəsinin üzvü Andres Mayor qardaş Benidormdakı toplantı zalında 595 nəfərin iştirak etdiyi görüşdə Müqəddəs Kitabın «Mətta» və «Həvarilərin işləri» bölmələrinin Valensiya dilində çıxdığını elan etdi. Bundan əlavə, 702 nəfər görüşə videokonfrans vasitəsilə qoşulmuşdu. Valensiya dilində təxminən 2,5 milyon insan danışır. 750-dən çox dindaşımız İspaniyadakı 15 valensiyadilli yığıncaqda xidmət edir.

Müqəddəs Kitabın Valensiya dilində ilk tərcüməsi 15-ci əsrə aiddir. Bir qardaş bölüşür: «İndiyə qədər Valensiya dilindəki heç bir Müqəddəs Kitabda Yehovanın adı yox idi. Valensiyadilli insanlara Yehovanın adının çəkildiyi ayələri göstərməyə səbirsizlənirəm».

Bask, Qalisiya və Valensiya dilində Müqəddəs Kitab bölmələri çıxdığına görə həmin dildə danışan bacı-qardaşların sevincinə şərikik. Əminik ki, bu nəşrlər həm təbliğçilərə, həm də «həqiqət barəsində dəqiq biliyə» yiyələnmək istəyən kəslərə fayda gətirəcək (1 Timutiyə 2:4).