Kontentə keç

27 MAY 2020
İSPANİYA

İspaniyada ər-arvad tibb bacısından minnətdarlıq məktubu alıb

İspaniyada ər-arvad tibb bacısından minnətdarlıq məktubu alıb

Bu pandemiya dövründə bir çox bacı-qardaşlarımız qonşuluqda yaşayan insanlara məktublar yazaraq onlara təsəlli verməyə çalışırlar. Xose Laporta qardaş və onun həyat yoldaşı Vanesa da Barselonadakı (İspaniya) bir xəstəxananın işçilərinə və COVID-19 xəstələrinə məktublar yazmışdılar. Bir tibb bacısı onlara cavab yazdı. Onun icazəsi ilə həmin məktubu bəzi düzəlişlərlə sizin diqqətinizə çatdırırıq a.

Mən tibb bacısıyam... Bu məktubu 97 yaşlı [xəstənin adı] xanımın xahişi ilə yazıram. Bu səhər sizin məktubunuzu birgə oxuduq. Adətən, bizim işçilər yazdığınız məktubları xəstələrə çatdırır, lakin mən əminəm ki, bu məktub əlimə təsadüfən düşməyib. Onun sayəsində ən azı iki nəfər — [xəstənin adı] və mən... gördük ki, bu dünyada ümidə sahib olmaq mümkündür. Ola bilsin, [xəstənin adı] çox çəkməyəcək. O, mənə dedi ki, siz Xosedən bir sualın cavabını almamış bu dünyaya göz yummaq niyyətində deyil. Sual belədir: «Mənim 97 yaşım var. Müqəddəs Kitabda yazılmış vədlər mənə də aiddir?»

Səhər on dəqiqə vaxtım var idi və mən ona verdiyiniz internet saytından bir-iki şey oxudum. Onun gözlərinə işıq gəldi, üzündə sevinc, ürəyində qəlb rahatlığı yarandı, onu hələ belə xoşbəxt görməmişdim. Sonra biz «Allah İsa peyğəmbərin ölümünə nə üçün yol verdi?» videosuna baxdıq.

Mən həmçinin stres haqqında [«Oyanın!»] jurnalını oxudum və indiki gərgin vəziyyətdə bunun mənə köməyi oldu.

Biz tibb işçilərinə burada psixoloq xidmətləri təqdim olunmur, lakin sizin verdiyiniz məlumata günün 24 saatı müraciət edə və üzərində düşünə bilərik. İstərdim ki, bu dəhşətli günlər arxada qalanda danışdığınız yeni dünya haqqında daha çox öyrənim. Ümidvaram, mənə kömək edəcəksiniz. Sizin məktubunuzun həmin gün, yəni məhz mənim iş günümdə gəldiyi və onu [xəstənin adı] palatasına məhz mən çatdırdığım üçün Allaha minnətdarlığımı bildirməyə söz tapmıram.

Sizə və ailənizə möhkəm can sağlığı arzu edirəm və əminəm ki, çoxlarımızdan fərqli olaraq, ümidiniz sayəsində siz bu vəziyyətin öhdəsindən daha yaxşı gəlirsiniz. [Xəstənin adı] və mənim kimi insanlara vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Biz tanış deyilik. Lakin son altı həftədə ilk dəfə üzümüzdə böyük təbəssümün yaranmasına səbəb məhz siz oldunuz.

Sizə ürəkdən minnətdaram!

Bu kimi minnətdarlıq məktubları pandemiya zamanı təbliğimizi davam etdirməyə bizə güc verir. Dua edirik ki, xidmətdə insanlarla söhbət edərkən seçdiyimiz sözlər onlar üçün təsəlli olsun (Məsəllər 15:23).

a Məktub ispanca yazılıb.