Kontentə keç

«Wedontdothat» sərgisinin keçirildiyi Humanitar Təhsil Mərkəzinin birinci mərtəbəsi

28 APREL 2022
İSRAİL

İsraildə nasistlər tərəfindən təqib olunmuş Yehovanın Şahidlərinə həsr olunan sərgi

İsraildə nasistlər tərəfindən təqib olunmuş Yehovanın Şahidlərinə həsr olunan sərgi

2022-ci il martın 7-də İsraildə nasizm dövründə öz mövqelərini cəsarətlə müdafiə etmiş Yehovanın Şahidlərinə həsr olunmuş sərginin açılışı olub. Sərgi Getto Döyüşçülərinin Xatirə evinin (Qərbi Cəlilə) Humanitar Təhsil Mərkəzində ərəb, ingilis və ivrit dillərində nümayiş etdirilir. Bu sərgi 2023-cü ilin mart ayına qədər davam edəcək. Sərginin yaradılmasında muzey işçiləri ilə yanaşı, dünyanın hər yerindən 50-dən çox Yehovanın Şahidi də iştirak edib. Onlar tarixi araşdırma, materialların tərcüməsi və sərgi tərtibatı ilə məşğul olublar.

İnteraktiv sərgi «Wedontdothat» («Biz bunu etmirik») adlanır. Bu, bir alman əsgərinin Yoahim Alferman adlı Yehovanın Şahidinə verdiyi ləqəb idi a. O, böyük təzyiqlərə, şiddətə məruz qalmış və təkadamlıq kamerada saxlanılmışdı. Buna baxmayaraq, Yoahim alman ordusunda xidmət etməkdən imtina edirdi. O hər dəfə deyirdi: «Biz bunu etmirik». Sonra o, həbs düşərgəsinə göndərilmişdi. Sərginin kuratoru xanım Yaara Qalor deyib: «Yəhudilərlə yanaşı, milyonlarla başqa insanlar da müxtəlif səbəblərə görə qətlə yetirilmişdi... Onların hər birinin öz hekayəsi var».

Humanitar Təhsil Mərkəzinin girişi

Sərginin açılışında Holokost və Osventsim həbs düşərgəsinin tarixini tədqiq edən professor Gideon Qreyf çıxış edib. O qeyd edib ki, Yehovanın Şahidləri imanlarını danmaq barədə sənədə qol çəkməkdən imtina edirdilər. Professor deyib: «[Yehovanın Şahidləri] asanlıqla azadlığa çıxa bilərdilər — sənədi imzalamaq cəmi bir dəqiqə çəkirdi. Bu onu göstərir ki, bəşər tarixinin hətta ən qaranlıq dövrlərində belə, təkcə sözdə deyil, əməldə də yüksək əxlaq prinsiplərinə sadiq qalan insanlar olmuşdu. Yehovanın Şahidləri tanınmağa, yad edilməyə və haqqında danışılmağa layiqdirlər».

Sərginin açılışında İsraildəki filialımızda xidmət edən bir bacı da iştirak etmişdi. Bacı hisslərini belə bölüşüb: «İsraildə, hamının ziyarət edə biləcəyi bir muzeydə belə bir sərginin keçirildiyi haqda düşünəndə gözlərim yaşarır... Səhnədə çıxış edən muzey işçilərinin dilindən ibrani dilində “Yehovanın Şahidləri” kəlməsini eşitmək çox təsirli idi. Şübhə yoxdur ki, bu tədbir Yehovanın adını ucaltdı».

İsrail filialında xidmət edən David Simozraq sərginin açılışında çıxış edir

Əminik ki, bu sərgiyə gələnlər nasist Almaniyasındakı bacı-qardaşlarımızın cəsarət və imanından çox şey öyrənəcəklər. Onların nümunəsi bu gün Yehovaya xidmət edənlərə «yarışda dözümlə [qaçmağa]» kömək edəcək (İbranilərə 12:1).