18 DEKABR 2019
İSVEÇ
İsveç məhkəməsinin qərarı: Yehovanın Şahidləri cəmiyyətin rifahına töhfə verən dini icmadır
1 yanvar 2000-ci il tarixindən İsveç hökuməti «Dini icmalara dəstək haqqında» Qanuna uyğun olaraq dini təşkilatlara maliyyə yardımı göstərir. Maliyyə yardımı yalnız «cəmiyyətin təməli olan dəyərlərin qorunub saxlanmasına və möhkəmləndirilməsinə» töhfə verən «sabit və cəmiyyətdə fəal rol oynayan» dini icmalara verilir.
İsveç əksər dinlərə dövlət qrantları ayırsa da, 2007-ci ildən etibarən Yehovanın Şahidlərinə maliyyə yardımı göstərməkdən dəfələrlə imtina edib və buna səbəb siyasi bitərəfliyimizlə əlaqədar dini mövqeyimizə tənqidi münasibətidir.
Başqa əlac olmadığından qardaşlar İsveç hökumətinə qarşı məhkəmədə üç dəfə iddia qaldırıb. Ali İnzibati Məhkəmə öz qərarlarında hər dəfə bildirib ki, hökumətin təşkilatımıza dövlət qrantları verməkdən imtinası qanunsuzdur və bu məsələyə təkrar baxılmalıdır.
Nəhayət, 24 oktyabr 2019-cu il tarixində İsveç hökuməti Yehovanın Şahidlərinin dövlət qrantı almaq üçün «bütün hüquqi tələbləri yerinə yetirdiyi» nəticəsinə gələrək öz qərarını ləğv etdi.
Norveçdə də bütün dinlərə, o cümlədən Yehovanın Şahidlərinə müntəzəm olaraq dövlət qrantları verilirdi. Lakin bir neçə ay bundan əvvəl hökumətə təşkilatımızın siyasi bitərəfliyini nəzərə alıb ona dövlət qrantlarının verilməsi əsaslarına yenidən baxmaq haqqında müraciət daxil olanda orada da eyni məsələ qalxdı. Buna cavab olaraq qardaşlar Norveç hökumətinə mövqeyimiz barədə dəqiq məlumat, həmçinin İsveç Ali İnzibati Məhkəməsinin, eləcə də Almaniya və İtaliyanın məhkəmə və inzibati orqanlarının eyni məsələ üzrə müsbət qərarlarının surətlərini təqdim etdilər.
18 noyabr 2019-cu il tarixində Norveç rəsmiləri qərar verdilər ki, Yehovanın Şahidlərinə dövlət qrantlarının verilməsi davam etdirilməlidir. Qərar bizi çox sevindirdi. Onlar belə nəticəyə gəlib: «Seçkilərdə səs vermək Norveç vətəndaşlarının əsas hüquqlarından biridir, lakin o, mütləq vəzifə deyil. Görünür, bu hüququ həyata keçirməmək Yehovanın Şahidlərinin etiqadının bir hissəsidir... [lakin hökumət] hesab etmir ki, bu... onlara dövlət qrantlarının verilməsini dayandırmaq üçün tutarlı hüquqi əsasdır».
Skandinaviya filialında xidmət edən Daq-Erik Kristofferson qardaş bu qərarlar barədə deyib: «Biz çox şadıq ki, bizi cəmiyyətə müsbət təsir göstərən təşkilat kimi tanıyırlar. Ümidvarıq, oxşar qanunları olan ölkələr bu qərarı nəzərə alacaqlar». İlk növbədə biz Ali Qanunverənimiz olan Yehova Allaha minnətdarıq (Əşiya 33:22).