16 NOYABR 2020
İTALİYA
Çətinliklərə rəğmən İtaliya filialının köçürülməsi davam edir
İqtisadi böhrana və pandemiyaya baxmayaraq, Yehovanın Şahidlərinin İtaliya filialının Bolonya şəhərinə köçürülməsi davam edir. 5 sentyabr 2020-ci il tarixində ilk yaşayış binası tamamlandı. Yeni filialın tikintisini 2023-cü ildə bitirmək planlaşdırılır.
Beş qardaşdan ibarət olan İnşaat layihə komitəsi yeni filialın tikintisi ilə bağlı işlərə nəzarət edir. Bu yaşayış binasının layihəsini hazırlamaq və inşa etmək üçün tikinti şirkəti cəlb edilmişdi. Şirkət 2018-ci ilin sentyabr ayında işə başlamışdı.
2019-cu ildə bir çox yerli şirkətlərə təsir edən iqtisadi böhran baş verdi. Tikinti şirkəti işi dayandırmalı və sonra onu yenidən təşkil etməli oldu. Xoşbəxtlikdən, yaşayış binasının karkası demək olar ki, hazır idi. Bunun sayəsində fasilə çox çəkmədi.
2020-ci ilin əvvəlində, Bolonya da daxil olmaqla, İtaliyanın şimalında COVID-19 pandemiyası tüğyan etməyə başladı. Hökumət bir çox fəaliyyət növlərini, o cümlədən tikinti layihələrini dayandırdı. Amma bir ay sonra hökumət bəzi məhdudiyyətləri götürdü və COVID-19 ilə bağlı dövlətin və təşkilatın bütün təhlükəsizlik tədbirlərinə əməl edilərək tikinti davam etdirildi.
İnşaat layihə komitəsinin üzvü Paolo Komparato deyib: «Yaşayış binasının tikintisinin bitdiyinə görə Yehovaya minnətdarıq. Onun ruhu olmasaydı, qarşımıza çıxan heç bir maneəni aşa bilməzdik».
Tikinti şirkətinin müdiri xanım Kristina Dallakasa deyib: «Çox xoşdur ki, Yehovanın Şahidləri İtaliyada ən vacib binalarından birinin tikintisi üçün bizim şirkəti seçmişdi. Biz çiyin-çiyinə çalışaraq tikinti zamanı bütün çətinliklərin öhdəsindən gəldik. Yehovanın Şahidləri öz layihələrinə, xüsusilə də tikintidə işləyənlərin təhlükəsizliyinə xüsusi diqqətlə yanaşırlar». O, sözlərinə belə yekun vurub: «Ən vacibi, mən şadam ki, sizin kimi dürüst və etibarlı insanlarla tanış olmuşam. Sosial və iqtisadi böhran zamanı belə insanların olması çox sevindirici haldır».
Biz əminik ki, Yehova bu layihəni sonacan xeyir-dualandıracak ki, Onun adına şərəf gətirsin (Zəbur 127:1).