Kontentə keç

İtaliya Ali Kassasiya Məhkəməsinin yerləşdiyi Ədalət sarayı (Roma)

9 FEVRAL 2021
İTALİYA

İtaliya Ali Kassasiya Məhkəməsi Yehovanın Şahidlərinin xeyrinə qərar çıxarıb

İtaliya Ali Kassasiya Məhkəməsi Yehovanın Şahidlərinin xeyrinə qərar çıxarıb

İtaliyanın Ali Kassasiya Məhkəməsi Yehovanın Şahidlərinin müalicə seçmək hüququnu müdafiə edib. 23 dekabr 2020-ci il tarixində ali məhkəmə, xəstələrin dini əqidələrinə zidd olmayan effektiv müalicə seçmək hüququ da daxil olmaqla, tibbi xidmətləri seçmək hüququnu təsdiqləyib.

İş 2005-ci ildə baş vermiş faciəvi bir hadisə ilə bağlı idi. Həmin vaxt həkimlər bir bacımızın hüquqlarını pozmuşlar. Cərrahiyyə əməliyyatından əvvəl o həm şifahi, həm də yazılı şəkildə qanköçürmədən imtina etdiyini açıq-aydın şəkildə bildirmişdi. Lakin həkimlər buna məhəl qoymadan ona dəfələrlə qan köçürmüşdülər.

Məhkəmə qanköçürmədən imtinanın «sadəcə tibbi müalicə baxımından öz müqəddaratını müəyyən etmək məsələsi deyil, dini əqidəyə görə imtina məsələsi» olduğunu bildirib. Məhkəmə bu azadlığı «Konstitusiyada ən çox qorunan toxunulmaz hüquq» kimi müəyyən edib.

Bu qərar İtaliyanın Ali Kassasiya Məhkəməsinin 2015-ci ildən başlayaraq Yehovanın Şahidlərinin xeyrinə çıxardığı onuncu qərardır. Qərarların hər birində məhkəmə bizim din azadlığı hüququmuzun vacib aspektlərini təsdiqləyib:

  • Qanköçürmədən imtina. Yehovanın Şahidləri mövcud olan ən yaxşı müalicəni istəyirlər və müalicə üsullarının böyük əksəriyyətini qəbul edirlər. Məhkəmələr Yehovanın Şahidlərinin Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanlarının yol verdiyi müalicə üsullarını seçmək hüququnu tanıyıb. Həkimlər xəstənin qanköçürmədən imtina etmək qərarına hörmət etməlidir. Xəstənin dini əqidəsinə görə bundan imtina etmək hüququ var.

  • Qəyyumluq. Yehovanın Şahidi olan valideynin Yehovanın Şahidi olmayan valideyn kimi övladına dini təlim vermək hüququ var.

  • Yığıncaqdan kənar etmə. Yehovanın Şahidləri yığıncaqdan kənar edilənlərə qarşı ayrı-seçkilik etmir. Əksinə, onların yığıncaqdan kənar edilmiş şəxslərlə ünsiyyət etməməyi seçmək hüququ var. Bu, onların din azadlığı hüququnun bir hissəsidir və başqaları ona hörmət etməlidir.

  • Vergilər. Yehovanın Şahidləri vergiləri ödəyir və İtaliyada ibadət evlərinə qoyulan vergi məsələsində digər dinlərin üzvləri kimi eyni hüquqlara və güzəştlərə malikdirlər.

Yehovanın xalqının din azadlığı hüququnu qoruyan bu cür qərarlar bizi çox ruhlandırır (Məsəllər 21:1).