Kontentə keç

Milan Apellyasiya Məhkəməsinin yerləşdiyi bina (İtaliya)

12 NOYABR 2020
İTALİYA

İtaliyada məhkəmə Yehovanın Şahidlərinin uşaqlarının müalicəsi ilə bağlı qərar vermək hüququnu müdafiə edib

İtaliyada məhkəmə Yehovanın Şahidlərinin uşaqlarının müalicəsi ilə bağlı qərar vermək hüququnu müdafiə edib

Milan şəhərinin Apellyasiya Məhkəməsi (İtaliya) təzəlikcə Yehovanın Şahidləri olan ər-arvadın xeyrinə qərar verib. Məhkəmə işi onların körpə uşaqlarının müalicəsi ilə bağlı idi. Qərarda deyilir ki, məhkəmələr uşaqları üçün qansız müalicə istədiklərinə görə valideynlərin düzgün qərar vermək qabiliyyətini şübhə altına ala bilməz və valideynlər dini əqidələrindən irəli gələrək qanköçürmədən imtina edə bilərlər.

2019-cu ilin sentyabr ayında Yehovanın Şahidi olan ər-arvad xəstəxanaya müraciət etmişdi. Onların onaylıq körpə qızı yıxılıb xəsarət almışdı və həkimlərin diaqnozuna görə, travma nəticəsində onun başında subdural hematoma əmələ gəlmişdi. Həkimlər onu qanköçürmə etmədən uğurla əməliyyat etdilər.

Bir qədər sonra həkimlərdən biri «dəstəkləyici terapiya» kimi uşağa qan köçürmək üçün valideynlərdən icazə istədi, halbuki uşaq sağalmağa doğru gedirdi və sağlamlığı üçün artıq heç bir təhlükə yox idi. Valideynlər xahiş etdilər ki, qanköçürmə əvəzinə, bütün dünyada geniş istifadə olunan terapevtik metodlardan istifadə etsinlər.

Həkim valideynlərin xahişini nəzərə almadı və polisə və prokurorluğa müraciət etdi. Prokuror ailə məsələləri üzrə məhkəmədən valideyn səlahiyyətini məhdudlaşdıran və uşağın müalicəsi ilə bağlı qərar qəbul etmək səlahiyyətini xəstəxana müdirinə verən sərəncam aldı. Bununla belə, uşağa qan köçürülmədi, çünki həkimlər buna ehtiyac görmədi.

Bu hadisə milli medianın diqqətini cəlb etdi. İtaliyanın bir çox media agentlikləri uşağın məhkəmə qərarı ilə təyin olunmuş qanköçürmə sayəsində sağ qaldığını deyən yalan məlumatlar yayırdı.

10 sentyabr 2020-ci il tarixində apellyasiya məhkəməsi ailə məsələləri üzrə məhkəmənin valideynlərin səlahiyyətlərini məhdudlaşdıran qərarını ləğv etdi. Apellyasiya məhkəməsi bildirdi ki, ailə məsələləri üzrə məhkəmə bu cür qərar qəbul etməməli idi və hətta bu kimi işlərə baxmaq onun yurisdiksiyasına aid deyil.

Milan Apellyasiya Məhkəməsinin qərarında deyilir: «Dini əqidələrindən irəli gələrək valideynlərin qanköçürmədən imtina etməsi onların valideyn kimi qərar qəbul etmək qabiliyyətini şübhə altına almaq üçün əsas deyil». Yehovanın Şahidləri olan valideynlərin uşaqları üçün qanköçürmə edilmədən aparılan müalicə seçmək hüququnu təkcə ötən il ərzində İtaliyanın üç apellyasiya məhkəməsi təsdiq edib.

Məhkəmələr və xəstəxana müdiriyyətləri başa düşməlidir ki, Yehovanın Şahidləri Allahın iman edənlərə möcüzəvi şəkildə şəfa verdiyinə inanmırlar və tibbə qarşı deyillər. Əksinə, onlar əqidələrinə zidd getməyən ən yaxşı müalicə üçün təcrübəli və müasir tibb avadanlığı ilə təchiz olunmuş xəstəxanalara müraciət edirlər. Onların yeganə istəyi odur ki, onlara qan köçürülməsin. Dünyanın tanınmış xəstəxanalarının aparıcı həkimləri Yehovanın Şahidlərinin mövqeyinə hörmətlə yanaşır və qanköçürmə etmədən onlara ən yaxşı müalicəni təqdim edir.

Biz bacı-qardaşlarımızın uşaqları üçün münasib müalicə üsulu seçmək hüququnu dəstəkləyən bu məhkəmə qərarlarına görə çox minnətdarıq (Həvarilərin işləri 15:29).