Kontentə keç

26 MAY 2020
İTALİYA

İtaliyada təcili tibbi yardım şöbəsinin həkimi ilə müsahibə

İtaliyada təcili tibbi yardım şöbəsinin həkimi ilə müsahibə

Candominiko qardaş həyat yoldaşı və qızı ilə

Candominiko Qulla adlı qardaş İtaliyanın Komo əyalətində yerləşən Erba xəstəxanasında təcili tibbi yardım şöbəsində həkim işləyir. COVID-19 pandemiyası ona əlavə çətinliklər yaradıb. Lakin imanı sayəsində qardaş qəlb rahatlığını qoruyur və başqalarına təsəlli verə bilir (2 Korinflilərə 1:4). Bu, İtaliya filialının Məlumat xidməti ilə bu yaxınlarda bölüşdüyü bəzi hadisələrdən bəlli olur.

Candominiko qardaşımızdan götürülmüş müsahibənin bir hissəsini sizə təqdim edirik. Aydınlıq üçün ona bəzi düzəlişlər edilib.

Pandemiya zamanı hansı vəziyyətlərlə üzləşirsən?

Candominiko Qulla: İşlədiyim xəstəxanada hər şey sunami kimi bir göz qırpımında baş verdi. COVID-19 xəstələrini qəbul etmək üçün xəstəxanada böyük dəyişikliklər edildi, yeni şöbələr yaradıldı. Belə bir acınacaqlı vaxtda COVID-19 xəstələrini hamıdan təcrid etməli oluruq: ailə üzvləri, qohum-əqrəbaları və dostları onlarla təmasda ola bilməzlər. Mənim işim onların vəziyyəti barədə qohumlarına telefon vasitəsilə məlumat verməkdir. Bir dəfə ölüm ayağında olan bir kişinin oğluna gecənin yarısı zəng edib atasının can verdiyini deməli idim. Ona videozəng etdim. Atası komada olsa da, oğlu sonuncu dəfə onu gördü. Çox ağır idi!

Müqəddəs Kitabdan öyrəndiklərin sənə necə təsəlli verir?

C. Q.: İş yoldaşlarımdan bəziləri ümidsiz və pərişan haldadır. Lakin mən görürəm ki, şəxsi mütaliə mənə təmkinli qalmağa kömək edir. İndi mən daha çox dərk edirəm ki, Yehova bizi bu çətin günlərə hazırlayıb. Bu pandemiya yerinə yetən Müqəddəs Kitab peyğəmbərliklərindən biridir. Bunu bilmək mənə vəziyyətə düzgün baxmağa kömək edir. İmanım xeyli möhkəmlənib.

Yehovanın verdiyi təsəlli sənə başqalarına təsəlli verməyə necə kömək edir?

C. Q.: Onun ruhunu üzərimdə aydın hiss edirəm. Bu ruh mənə həm evdə, həm işdə kömək edir və xəstəliyə görə çətinlik çəkən bacı-qardaşlara ürək-dirək verməyə güc verir.

Yehovanın köməyilə ailənə necə təsəlli verirsən?

C. Q.: İş günüm indi daha uzun olsa da, çalışıram ailəmlə birgə ruhani işlərimizdən qalmayaq. Fikir vermişəm ki, bu, həyat yoldaşıma yaxşı təsir edir, ona güc verir. Biz bir-birimizə daha yaxın olmuşuq. Ailəvi ibadətlərimiz mənə üç yaşın içində olan qızımız Cinevraya da təsəlli verməyə kömək edir. O hiss edir ki, nəsə dəyişib və narahat olur. Qızım hərdən deyir: «İstəmirəm ata işə getsin, orada koronavirus var» və ya «Qorxuram atam geri qayıtmasın». Onu sakitləşdirmək üçün biz saytımızdan mahnılar qoyuruq və o, yenə də gülümsəyir.

İş yoldaşlarından kiməsə necə təsəlli verdiyini danışa bilərsən?

C. Q.: Mənimlə eyni şöbədə işləyən həmkarım təzəlikcə Müqəddəs Kitabı öyrənməyə başlayıb. Onunla bir neçə il bundan əvvəl vaxtilə işlədiyim xəstəxanada tanış olmuşduq və Müqəddəs Kitab barədə söhbətlərimiz olmuşdu. O, pandemiyadan bir qədər əvvəl Müqəddəs Kitabı öyrənməyə başladı və dərsləri davam etdirmək qərarına gəldi. Hal-hazırda biz bəzən həftədə iki dəfə videokonfrans vasitəsilə dərs keçirik. Bir gün o, ürəyini mənə açıb dedi: «Müqəddəs Kitab dərsləri həyatımı qaydasına salmağa kömək edir. Qəlb rahatlığı hiss edirəm. Həyatın mənası və indiki vəziyyətin səbəbləri barədə çoxsaylı suallarıma cavab tapıram. Məndə yaranan iman sabitlik və gələcəyə ümid verir». O, bunları deyəndə çox mütəəssir oldum.

COVID-19-a tutulub sağalan bacımız Daniela Sqreva. Candominiko qardaş ona tibbi yardım göstərib

Yığıncaqdakı bacı-qardaşlara necə təsəlli verirsən?

C. Q.: Əfsuslar olsun ki, yığıncağımdan bir bacının [Daniela Sqreva] analizi onda COVID-19 virusunun olduğunu göstərdi. Bu səbəbdən onu xəstəxanaya aparmaq lazım idi. Təcili tibbi yardım maşını olan iki qardaşla əlaqə saxlayıb xahiş etdim ki, onu xəstəxanaya gətirsinlər. Qardaşlar 50 kilometr yol qət etdilər. Bacı onları görəndə çox sevindi. Bacını xəstəxanaya gətirəndə qorxu içində idi. Təcili tibbi yardım şöbəsində bizi görəndə ürəyi rahat oldu. Bacı görəndə ki, həkimlər onun ruhani qardaşlarıdır, bu, ona təsəlli verdi. Qardaşların məhəbbəti və dəstəyi ona güc verdi. O, minnətdarlıqla dedi: «Bilirdim ki, Yehova çox diqqətli və nəvazişli Allahdır. Amma bu dəfə O gözləmədiyimi etdi!»

Günü-gündən Yehovaya güvəncim artır və Ondan daha çox güc alıram. Maşınla işə gedəndə və işdən evə qayıdanda nəğmələrimizə qulaq asıram, onlar mənə lazımi ruhani və emosional güc verir. Köməyinə görə Yehovaya minnətdaram. «Yehova yanındadır» nəğməsinə qulaq asanda öz-özümə zümzümə edirəm: «Yehova yanındadır. Güclü edər, cəsarət verər. Bu, hər şeyə dəyər».