Kontentə keç

(Solda) Ailə yığıncaq üzvlərini kağıza yazılmış sözlər və ayələrlə ruhlandırır. (Sağ künc, yuxarıda) Öncül bacı videokonfrans vasitəsilə Müqəddəs Kitab dərsi keçirir. (Sağ künc, aşağıda) Ailə videokonfrans vasitəsilə keçirilən yığıncağa qoşulub

9 APREL 2020
İTALİYA

Pandemiyaya rəğmən İtaliyadakı bacı-qardaşlar ruhən möhkəmdir

Pandemiyaya rəğmən İtaliyadakı bacı-qardaşlar ruhən möhkəmdir

İtaliya COVID-19 pandemiyasından ən çox zərər çəkmiş ölkələr sırasındadır. Rəhbərlik Şurasının rəhbərliyi altında İtaliya filialı bacı-qardaşlara praktiki və ruhani kömək göstərir.

İtaliyanın şimalında, mərkəzində və cənubunda fəaliyyət göstərən üç Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi bacı-qardaşların ehtiyaclarının qayğısına qalır. Komitələr rayon nəzarətçiləri, onlar isə yerli ağsaqqallarla daima əlaqə saxlayır. Beləcə, filialın zərərçəkmiş təbliğçilərin tələbatları haqqında həmişə ən son məlumatı var.

Praktiki yardımdan əlavə, yerli ağsaqqallar təbliğçilərə ruhani fəaliyyətlərindən də qalmamağa kömək edirlər. Pandemiyanın zərbəsinə tuş gəlmiş ilk şəhərlərdən biri olan Milanın yaxınlığında xidmət edən rayon nəzarətçisi Viliam Bozelli deyir: «Baxmayaraq ki bacı-qardaşlarımız evdən çölə çıxmır, onlar bir-biriləri ilə daima əlaqə saxlayır. Videokonfrans vasitəsilə keçirilən yığıncaqlarda iştirak etməklə də onlar bir-birilərini ruhlandırır və imanlarını ifadə edirlər. Bu üsulla keçirilən görüşlərdən yaşlı bacı-qardaşlarımız da faydalanır. Zənnimcə, indi yığıncaqlarda birlik həmişəkindən daha möhkəmdir!»

Bacı-qardaşlarımızın imanına şərik olmayan ailə üzvləri də yığıncaqlara qatılır. Bir bacı deyir: «Yoldaşım heç vaxt yığıncağa gəlmək istəmirdi, lakin indi yığıncaq sanki özü onun yanına gəlir. Və bilirsiniz, o yığıncaqlarımızı çox bəyənir!»

Bacı-qardaşlar şahidlik vermək fürsətini əldən vermir. Məsələn, bir bacı maşını ilə yaşlı bacıya əlil arabası aparan zaman yoxlama məntəqəsində onu üç polis saxladı. Bacı izah etdi ki, yaşlı qadına kömək edir və hərəkət etmək icazəsini göstərdi. Sonra onların hər birinə «Gələcək barədə nə fikirləşirsiniz?» və «Dərd-sər nə vaxtsa bitəcək?» bukletlərini verdi. Polislər bukletləri götürdülər. Bacı həmin yolla geri qayıdanda polislər yenə onu saxladılar. Bu dəfə onlar bacıya təşəkkür etdilər və Müqəddəs Kitabın verdiyi təsəlli haqqında əlavə məlumat istədilər. Onlar digər iki əməkdaşını da söhbətə qoşulmağa dəvət etdilər. Bacı böyük məmnuniyyətlə onları jw.org saytımızla tanış etdi. Polislərdən biri bacıya dedi: «Çox sağ olun, xanım, siz həqiqətən də bu gün bizi sevindirdiniz».

Viliam Bozelli deyir: «Mənim vəzifəmə bacı-qardaşları ruhlandırmaq, onlara təsəlli vermək daxildir, lakin onların necə ruhən möhkəm olduğunu, Yehovaya ibadətdən qalmadıqlarını görəndə özüm ruhlanıram. Onların Yehovaya məhəbbəti o qədər səmimi, o qədər heyrətamizdir ki, gözlərim dolur. Onlar həqiqətən də Yehovadan gözəl ənamdır. Heç bilmirəm onlarsız nə edərdik!»

Bəli, gördüyümüz kimi, vəziyyət çətin olsa da, bacı-qardaşlar ruhən möhkəmdir və bu əziyyətlər onların imanını sarsıtmayıb (1 Salonikililərə 3:2, 3).