7 FEVRAL 2020
İTALİYA
Roma Apellyasiya Məhkəməsi valideynlərin uşaqları üçün qan köçürülmədən edilən müalicə üsulunu seçmək hüququnu dəstəklədi
17 dekabr 2019-cu il tarixində Roma Apellyasiya Məhkəməsi Yetkinlik yaşına çatmayanlar üzrə Roma Məhkəməsinin qərarını dəyişdi. Belə ki, həmin məhkəmə oğluna qan köçürülməsinə razılıq verməyən bacımızı valideynlik hüququndan məhrum etmişdi. Apellyasiya Məhkəməsi bacımızın valideynlik hüququnu bərpa etməklə yanaşı, ona bəraət qazandırdı. Qərar çox vacib presedent yaradıb: indi valideynlər uşaqları üçün qan köçürülmədən edilən müalicə üsulunu seçdiklərinə görə valideynlik hüququndan məhrum edilə bilməz.
Hər şey bacımızın və onun on yaşlı oğlunun avtomobil qəzasına düşdükləri zaman başlayıb. Uşaq xəsarət almış və bu səbəbdən xəstəxanaya aparılmışdı. Üç gün sonra həkimlər cərrahiyyə əməliyyatı təyin etdilər. Bacımız əməliyyata və tövsiyə olunmuş müalicəyə razılıq verdi, lakin o izah etdi ki, qanköçürməyə razı deyil. Uşağın həyatı üçün ciddi təhlükə olmasa da, xəstəxana prokurora ərizə yazdı. Xəstəxana bacının dini əqidəsinə əsaslanmış qərarına etiraz etdi və qərarın uşağın zərərinə olduğunu bildirdi. Prokuror bacını övladının firavanlığını düşünməməkdə ittiham edərək Yetkinlik yaşına çatmayanlar üzrə Məhkəmədən onu valideynlik hüququndan məhrum etməyi xahiş etdi. Məhkəmə prokurorun xahişini təmin etdi, halbuki qanuna görə, onun bu kimi qərarlar vermək səlahiyyəti yoxdur. Bacı apellyasiya məhkəməsinə qərardan şikayət verdi.
Apellyasiya məhkəməsi bacımızın qayğıkeş və diqqətli ana olduğunu müəyyən etdi. Qərarda deyilir ki, onun «sadəcə dini əqidəsindən irəli gələrək qanköçürmədən imtina etməsi valideynlik vəzifəsini icra etmək bacarığının olmadığı nəticəsinə gəlməyə əsas vermir». Məhkəmə bacımızın valideynlik hüququnu bərpa etdi və bildirdi ki, onu bu hüquqdan məhrum etmək qanun pozuntusu idi.
Ali Kassasiya Məhkəməsinin sabiq məsləhətçisi və Bari Universitetində kilsə hüququ üzrə professor Nikola Kolayanni qeyd edib: «Apellyasiya məhkəməsinin qərarı ilə razıyam. Yetkinlik yaşına çatmayanlar üzrə Məhkəmənin verdiyi qərara bənzər qərarlar məndə çaşqınlıq doğurur. Əsl din azadlığına nail olmaq çox müşkül məsələdir, xüsusilə Yehovanın Şahidləri üçün».
İtaliyada Məlumat xidmətinə nəzarət edən Kristian di-Blazio deyib: «Qərəzli qərarı ləğv etdiyinə görə Roma Apellyasiya Məhkəməsinə ürəkdən minnətdarıq. Yehovanın Şahidləri övladlarının qayğısına qalırlar və məsihi vicdanlarını nəzərə alaraq gözəl üsullarla onları müalicə edən çoxsaylı həkimlərə ürəkdən minnətdardırlar».
Məhkəmənin bu qərarı bacı-qardaşlarımızın uşaqlarının müalicəsi məsələsində məlumatlandırılmış qərarlar vermək hüququnu təsdiqlədi. Bu qələbəyə görə Yehovaya təşəkkür edirik. O, məsihi vicdanı əsasında sağlamlıqla bağlı qərar verməli olan dindaşlarımızı heç vaxt darda qoymur (Zəbur 37:28).