Kontentə keç

Qardaşlarımızdan bəzilərinin həbsdə saxlanıldığı keçmiş Qaeta həbsxanası (İtaliya)

9 İYUL 2020
İTALİYA

Yehovanın Şahidlərinin İtaliyada əqidəyə görə hərbi xidmətdən imtina hüququnun tanınmasına verdikləri töhfə

Yehovanın Şahidlərinin İtaliyada əqidəyə görə hərbi xidmətdən imtina hüququnun tanınmasına verdikləri töhfə

Bir çox ölkələrdə olduğu kimi, İtaliya öz vətəndaşlarının əqidəyə görə hərbi xidmətdən imtina etmək hüququnu tanıyır. Lakin bu, həmişə belə olmayıb. Əsas etibarilə Yehovanın Şahidlərinin verdiyi böyük qurbanlar nəticəsində İtaliya sonda əsas insan hüquqlarından biri olan bu hüququ tanıdı.

İtaliyada icbari hərbi xidmət İkinci Dünya müharibəsindən onilliklər sonra da vardı. 1946-cı ildə bütün ölkədə Yehovanın Şahidlərinin sayı cəmi 120 nəfər idi. Lakin həyatlarını Yehovaya həsr edən insanların sayı artdıqca əqidəyə görə hərbi xidmətdən imtina edən gənclərin də sayı artdı. Onların imtinası Müqəddəs Kitabdakı bitərəflik, zorakılıqdan imtina və başqa insanlara məhəbbət prinsiplərinə əsaslanırdı.

İtaliya filialının bu yaxınlarda apardığı araşdırma nəticəsində məlum oldu ki, o vaxt hərbi xidmətdən imtina etdiyi üçün həbsə məhkum edilən qardaşlardan təxminən 14180 nəfəri hələ də sağdır. Bu qardaşlar əsas etibarilə 1960-cı illərin sonundan 1990-cı illərin sonunadək olan müddətdə məhkum olunmuşdular. Onlar ümumilikdə həbsdə 9732 il keçirmişdilər.

Hərbi xidmətdən imtina məsələsini araşdırmış tarixçi Sercio Albesano (İtaliya, Turin) demişdir ki, hərbi xidmətdən imtina etdikləri üçün həbsə salınan gənclərin böyük əksəriyyəti Yehovanın Şahidləri idi. O həmçinin əlavə etmişdir ki, bu gənclərin güclü əqidəsi sayəsində bu problem geniş ictimaiyyətin diqqətini cəlb etdi.

Sabiq baş nazir Culio Andreotti 1960-cı illərdə müdafiə naziri olarkən hərbi xidmətdən nəyə görə imtina etdiklərini başa düşmək üçün həbsdə olan bəzi Yehovanın Şahidləri ilə şəxsən görüşmək qərarına gəldi. Sonradan o yazmışdı: «Onların möhkəm dini əqidəsi və siyasətdə qətiyyən iştirak etməməsi məni heyran etdi. Bu səbəbdəndir ki, onlar qəti şəkildə hərbi xidmətdən imtina edib uzunmüddətli həbs cəzasına razı olurlar».

Hərbi xidmətdən imtina etmək hüququnu tanıyan ilk qanun 1972-ci ildə qəbul olunmuşdu. Lakin əfsuslar olsun ki, qanunda alternativ mülki xidmət nəzərdə tutulsa da, o, hərbi orqanların nəzarəti altında idi və bu səbəbdən qardaşlarımız üçün qəbuledilməz idi.

Nəhayət, 8 iyul 1998-ci ildə İtaliya hökuməti hərbi orqanların nəzarəti altında olmayan alternativ mülki xidmət haqqında yeni qanun qəbul etdi. Bu qanun Yehovanın Şahidləri üçün qəbuledilən idi. 2004-cü ilin avqust ayında İtaliya icbari hərbi mükəlləfiyyəti ləğv edən qanun qəbul etdi və bu qanun 2005-ci ilin yanvar ayında qüvvəyə mindi.

İtaliyada qanunvericiliyin bu sahəsindəki inkişafa Yehovanın Şahidlərinin verdiyi böyük töhfəni tanıyan çoxsaylı mütəxəssislərdən biri hüquqşünas və təqaüddə olan əməkdar hüquq professoru Sercio Lariçça (Sapienza Universiteti, Roma) deyib: «Hərbi keşişlər hərbi xidmətdən imtinanı “vətəni təhqir, Məsihin başqalarını sevmək əmriylə heç bir əlaqəsi olmayan hərəkət və qorxaqlığın təzahürü adlandırdığı bir vaxtda, bir çox Yehovanın Şahidlərinin möhkəm mövqeyi İtaliyada qanunvericiliyin və cəmiyyətin düşüncəsinin dəyişməsinə səbəb oldu”».

Qardaşlarımızın mövqeyi İtaliyada təkcə hüquq sisteminin dəyişməsinə səbəb olmayıb. Yehovanın Şahidləri olan məhbusların davranışlarını müşahidə edən bir neçə həbsxana nəzarətçisi Yehovanın Şahidi oldu. Onlardan biri, Cuzeppe Serra xatırlayır: «Bu gənc Şahidlərin davranışı məni Müqəddəs Kitabı öyrənməyə... təşviq etdi». 1972-ci ildə o, Yehovanın Şahidi oldu. (Aşağıdakı çərçivəyə baxın.)

«Müharibə etməyi öyrənməyəcəklər» əmrinə ciddi yanaşan İtaliyadakı qardaşlarımızın və onların ailə üzvlərinin, eləcə də dünyadakı bir çox digər qardaşlarımızın göstərdiyi cəsarət bizi sevindirir (Əşiya 2:4).