Kontentə keç

26 SENTYABR 2019
İTALİYA

İtaliyada nasizm dövründə təqib olunmuş Yehovanın Şahidlərinin xatirəsinə həsr olunan lövhənin açılışı olub

İtaliyada nasizm dövründə təqib olunmuş Yehovanın Şahidlərinin xatirəsinə həsr olunan lövhənin açılışı olub

Risyera-di-San-Sabbada (Triyest şəhəri) açılmış lövhə. Həbs düşərgələrində Yehovanın Şahidlərinin düşərgə geyimlərinin üzərində bənövşəyi üçbucaq olurdu

10 may 2019-cu il tarixində hakimiyyət nümayəndələri, tarixçilər, jurnalistlər və yüzlərlə digər qonaqların iştirakı ilə nasizm və faşizm dövründə təqiblərə məruz qalmış minlərlə bacı-qardaşlarımızın xatirinə həsr olunmuş lövhənin açılışı olub. Mərasim İtaliyanın şimal-şərqində yerləşən Triyest şəhərindəki Risyera-di-San-Sabba adlı keçmiş düyü dəyirmanında baş tutub. Müharibə illərində burada öz krematorisi olan İtaliyanın yeganə həbs düşərgəsi yerləşirdi. Açılış mərasimi, ölkədə ən çox baxılan kanallardan biri olan «Canale 5» telekanalı da daxil olmaqla, yerli və milli kütləvi informasiya vasitələrinin diqqətini cəlb edib.

Yehovanın Şahidlərinin İtaliyadakı nümayəndəsi Kristian Di Blasio mərasimi sadiqlik haqda nitqlə açıb. O deyib: «Üçüncü Reyx dövründə Yehovanın Şahidləri sırf dini etiqadlarına görə təqib olunmuş yeganə qrup idi. Yalnız onların, bir qrup kimi, iztirablardan qaçmaq imkanı var idi. Onlardan sadəcə öz məsihi imanlarını danmaq və rejimi dəstəkləmək tələb olunurdu. Bununla belə, onlar cəsarətlə Allaha sədaqət və insanlara məhəbbət kimi məsihi dəyərlərinə bağlı qalmağı seçmişlər». Nitqdən sonra Kristian Di Blasio bacımız Emma Bauerin müsahibəsinin videoyazısını göstərib. Bacı İkinci Dünya müharibəsi zamanı onun və ailəsinin məruz qaldıqları təqiblərdən, əsl məsihilərin hətta ölüm təhlükəsi qarşısında dəyərlərindən imtina etmədiklərindən danışıb. Sonda Triyest şəhərinin meri cənab Roberto Dipiyatsa da auditoriya qarşısında nitq söyləyib. O deyib: «Lövhənin burada olmasından çox məmnunam. Biz çalışmalıyıq ki, bu kimi təqiblər bir daha təkrarlanmasın». Bu sözlərdən sonra lövhənin rəsmi açılışı olub.

Bir çox alimlər və ictimai xadimlər mərasimin əhəmiyyəti barədə öz fikirlərini bölüşüb. Məsələn, İtaliya Yevangelist Kilsələr Federasiyasının sabiq prezidenti Corco Buşar deyib: «Heç bir kilsə Yehovanın Şahidləri qədər böyük qurbanlar verməyib... Lakin bu acı təcrübə özünü tarixin hökmünə və biz inanırıq ki, həm də Allahın hökmünə təslim etmiş bu hərəkatı daha çox möhkəmləndirib — Üçüncü Reyxin ideologiyasına bir qrup kimi müqavimət göstərən yeganə məsihilər onlar olub» (digər sitatlara aşağıdakı çərçivədə baxın).

Hesablamalara görə, Risyera-di-San-Sabba tarixi abidəsinə ildə təxminən 120000 insanın baş çəkəcəyi gözlənilir. Onların hər birinin nasistlərin və faşistlərin təqiblərinə baxmayaraq iman və siyasi bitərəfliklərini qoruyub saxlayan minlərlə Yehovanın Şahidlərinin xatirəsinə həsr olunmuş bu lövhəni görmək imkanı olacaq (Vəhy 2:10).