28 OKTYABR 2022
KANADA
Kanadada «balıqlar qaynaşan yer»də ibadət evi tikilib
14 oktyabr 2022-ci il tarixində Kanadanın İkaluit şəhərində (Kanada, Nunavut) Yehovanın Şahidlərinin ilk ibadət evinin tikintisi başa çatdı. 50 nəfər üçün nəzərdə tutulan bu tikili Kanadada ən şimalda yerləşən ibadət evidir. İkaluitdə yığıncaq 2010-cu ildə yaranıb. Əvvəllər onlar ibadət görüşlərini məktəbin idman zalında keçirirdilər.
Bu, çətin layihə idi və tikinti işləri pandemiya üzündən iki il uzandı. İkaluit adının mənası «balıqlar qaynaşan yer» deməkdir. Bu şəhər Frobişer körfəzinin sahilində, Baffin Torpağı adasında yerləşir. Oraya yalnız təyyarə və ya gəmi ilə getmək olar. Tikinti materiallarını və alətləri orada tapmaq mümkün olmadığı üçün onları başqa yerlərdən gətirmək lazım gəldi. Bundan əlavə, hava sərt olduğu üçün tikintini yalnız avqust-oktyabr aylarında aparmaq mümkün idi.
127 ton tikinti materialı və alətlər Ontariodakı toplantı zalında yığılıb hazırlandı. Sonra onlar 12 konteynerə və üç böyük qutuya yığılıb Monreal (Kvebek) yaxınlığındakı limana aparıldı. Oradan yüklər Müqəddəs Lavrenti körfəzi ilə Atlantik okeana, okeandan isə Frobişer körfəzinə çatdırıldı. Belə böyük gəmilərin limanda yan alması üçün yer olmadığına görə konteynerlər barjalara yüklənildi. Yedək gəmilər barjaları dayaz suların olduğu yerə qədər apardı. Suların çəkilməsi zamanı konteynerlər yükləyici maşınlar vasitəsilə sahilə boşaldıldı.
İbadət evinin tikintisində bir neçə təkmil üsullardan istifadə olunub. Bunun sayəsində bina donma-ərimə dövrlərinə və qış aylarında orta temperaturu mənfi 30 dərəcə olan İkaluitin ekstremal hava şəraitinə tab gətirə biləcək.
Tikintidə kömək etmək üçün Kanadanın altı vilayətindən təxminən 40 könüllü gəlmişdi. Könüllülərdən biri Ceyson Makqreqor deyir: «İnsan nöqteyi-nəzərincə lazımi tikinti materiallarının tapılması, onların belə uzaq əraziyə daşınması mümkünsüz görünə bilərdi. Amma Yehova üçün mümkün olmayan şey yoxdur. İşin necə irəlilədiyini görmək adamın imanını möhkəmləndirirdi».
Kanadadakı yeni ibadət evinə görə sevinən dindaşlarımızın sevincinə biz də şərikik. Bu tikili «balıqlar qaynaşan yer»də bacı-qardaşlarımıza kömək edəcək ki, bundan sonra da «balıq yox, insan tutmağa» davam etsinlər (Mətta 4:19).