Kontentə keç

Solda: Neytan Norr və Frederik Frans 1946-cı ildə Boqotadakı bacı-qardaşlara baş çəkir. Sağda: Kolumbiyadakı xüsusi təyinatlı müjdəçilər (üst cərgə, soldan sağa) Olaf Olson, Ceyms Vebster, Kvin Deyl Loderdeyl; (aşağı cərgə, soldan sağa) Ann Loderdeyl, Elen Lanqford və Cyuel Harper

12 APREL 2022
KOLUMBİYA

Kolumbiyada Yehovanın Şahidlərinin 100 illik tarixi

Kolumbiyada Yehovanın Şahidlərinin 100 illik tarixi

2022-ci ildə Yehovanın Şahidlərinin Kolumbiyadakı fəaliyyətinin 100 ili tamam olur a.

Eliodoro Ernandes

1922-ci ildə Müqəddəs Kitabı həvəslə oxuyan Eliodoro Ernandes Yehovanın Şahidi olmayan bir tanışından «Gözətçi qülləsi» jurnalının bir neçə nüsxəsini almışdı. Eliodoro dərhal başa düşmüşdü ki, bu, həqiqətdir və müjdəni başqalarına danışmağa başlamışdı. İki il təbliğ edəndən sonra Xuan Estupinan ilə tanış olmuşdu. Onlar birlikdə müjdəni təbliğ etməyə başlamışdılar. 1932-ci ildə hər ikisi vəftiz olunmuşdu.

Xuan Estupinan

Sonralar, Gözətçi Qülləsi Cəmiyyəti Eliodoro və Xuan qardaşa patefon göndərmişdi. Onlar And dağlarındakı icmalara «Üç üqnum ifşa olunur», «Dünyanın sonu» və sair adlı nitqləri səsləndirirdilər. Qardaşlar tez-tez təqiblərlə üzləşirdilər. Çünki bu ərazilərdə Katolik kilsəsinin təsiri böyük idi.

1945-ci ildə bura Gilad məktəbinin məzunları gəlmişdi. Bu qardaşlardan biri Olaf Olson sonralar bioqrafiyasında belə sözlər demişdi: «Burada Yehovanın çoxlu quzusu var. Bizim üçün böyük şərəfdir ki, O bizi bura onları tapmağa və bəsləməyə göndərib».

Təbliğ işini nizama salmaq üçün Kolumbiyada filial təsis edildi. Filial 1946-cı il mayın birində fəaliyyətə başladı. İlk filial xidmətçisi Artur Qrin yazmışdı: «Yehovanın qüdrətli ruhu sayəsində Kolumbiyada həqiqi ibadətin təməli qoyuldu».

Hazırda Kolumbiyada təxminən 190 000 Şahid müjdəni canla-başla təbliğ edir.

Kolumbiya münbit torpağı, qiymətli daşları ilə məşhurdur. Amma onun əsl gözəlliyi, «ləl-cəvahiri» Yehovanın Özünə cəlb etdiyi insanlardır. Biz çox sevinirik ki, Yehova təbliğ işini avand edir və evini əzəmətlə doldurur (Həqqay 2:7).

a 1931-ci ildə Müqəddəs Kitab Tədqiqatçıları Yehovanın Şahidləri adını qəbul etdi.