Kontentə keç

Xəritədə Ebola virusundan ən çox əziyyət çəkən Şimali Kivu və İturi əyalətləri göstərilib. Gənc qız Benidəki rayon toplantısının ərazisində yerləşən əlüzyuyandan istifadə edir

2 MAY 2019
KONQO DEMOKRATİK RESPUBLİKASI

Ölümcül Ebola virusu Konqo Demokratik Respublikasında tüğyan edir

Ölümcül Ebola virusu Konqo Demokratik Respublikasında tüğyan edir

Ölkədə iğtişaşların baş verdiyi bir vaxtda 2018-ci ilin avqust ayından Konqo Demokratik Respublikasında Ebola virusu sürətlə yayılır. Şimali Kivu və İturi əyalətlərində 1088 Ebola virusuna yoluxma halı qeydə alınıb, onlardan 665-i ölümlə nəticələnib. Əfsuslar olsun ki, bu virus bacı-qardaşlarımızdan da yan keçməyib. Konqo (Kinşasa) filialının verdiyi məlumata görə, Yehovanın Şahidləri arasında on böyük və iki uşaq virusun törətdiyi xəstəlikdən vəfat edib. Digər bir qardaş virusa yoluxsa da, sağala bilib.

Bacı-qardaşlarımızı virusdan müdafiə barədə maarifləndirmək məqsədi ilə Koordinatorlar Komitəsi Konqo (Kinşasa) filialına xüsusi video və nitq hazırlamağa icazə verib. Videoda əlüzyuyanların quraşdırılması kimi praktiki məsləhətlər verilir və artıq bütün yığıncaqlar bu məsləhəti tətbiq edir. Bu tədbir sayəsində xəstəliyə yoluxma halları azalıb. Nəticədə, iki səhiyyə məmuru Ebola virusunun sürətlə yayıldığı bir vaxtda Yehovanın Şahidlərinin nümunəvi davranış və əməkdaşlığına görə filiala minnətdarlıq məktubu göndərib (Mətta 5:16).

Bir çox şəhərlərdə qardaşlarımız həftələrlə öz evlərində karantində saxlanılıb. Bu çətin vaxtda xəstəliyə yoluxma hallarını azaltmaq üçün filial 12 rayonda regional toplantıların təxirə salınmasını xahiş etmişdir. Lakin bacı-qardaşlarımız ruhani qidadan məhrum olmasın deyə filial xəstəliyin yayıldığı ərazilərdə yerləşən yığıncaqların öz ibadət evlərində toplantının videoyazısına baxmaları üçün lazımi tədbirlər görüb.

Biz Konqo Demokratik Respublikasındakı bacı-qardaşlarımız üçün daima dua edirik. Müqəddəs Kitabda gələcəkdə xəstəliklərin olmayacağına dair verilən ümid bizi cəsarətləndirir (Əşiya 33:24).