Kontentə keç

Gələcək ofis binalarının görünüşü (Konqo Demokratik Respublikası, Lubumbaşi)

21 YANVAR 2022
KONQO DEMOKRATİK RESPUBLİKASI

Konqo Demokratik Respublikası filialının yeni binalarının tikintisi davam edir

Konqo Demokratik Respublikası filialının yeni binalarının tikintisi davam edir

Konqo Demokratik Respublikasının Lubumbaşi şəhərində ölkədəki fəaliyyətimizin əsas mərkəzi olacaq yeni filialımızın tikintisi davam edir. 2022-ci ilin may ayında 260-a yaxın beytellinin yeni kompleksə köçəcəyi gözlənilir, 131 nəfər isə Kinşasada yerləşən filialımızda xidmət etməyə davam edəcək a. Bundan başqa, Kinşasadakı filialımızın yaxınlığında əlavə yaşayış və ofis binalarının tikintisi başlayıb. 2024-cü ilin yanvar ayından sonra ora təxminən 48 beytellinin köçürülməsi planlaşdırılır. Hər iki yeni kompleks Konqoda daima genişlənən fəaliyyətimiz nəticəsində yaranan tələbatı ödəməyə kömək edəcək.

Üç ofis binasından birinin tikintisi davam edir

2021-ci xidmət ili ərzində Konqo Demokratik Respublikasında bacı-qardaşlar 250 000-dən çox Müqəddəs Kitab dərsi keçirmişdilər. İsa Məsihin ölümünü anma mərasimində bir milyondan çox insan iştirak etmişdi. Hal-hazırda Kinşasada yerləşən filialımızda 394 beytelli xidmət edir.

Qardaşlar yeni filial üçün başqa şəhərlərdə yer axtarmağa başlamışdılar, çünki Kinşasadakı filialı genişləndirmək praktiki deyildi. Münasib yer Lubumbaşi şəhərində tapıldı. Burada yeni binaların tikintisi və gələcəkdə, lazım gələrsə, filialı genişləndirmək üçün kifayət qədər yer var.

Solda: 300-ə yaxın beytelli tezliklə Lubumbaşidəki yeni yaşayış binalarına köçəcək. Sağda: tikinti başa çatdıqdan sonra yeni yaşayış binaları belə görünəcək

Lubumbaşi Kinşasadan 2300 kilometr aralıda yerləşir. 12 hektar sahəsi olan ərazidə yaşayış və ofis binaları, anbar, yeməkxanası olan çoxfunksiyalı bina və istirahət zonası olacaq.

Tikinti 2020-ci ilin noyabr ayında başlamışdı, amma COVID-19 pandemiyasına görə çoxlu çətinliklər ortaya çıxdı.

Konqo (Kinşasa) filialının komitə üzvü Robert Eloqo deyir: «Sərhədlər bağlandı. Tikinti materiallarının çatdırılmasında ciddi problemlər yarandığından tikintinin ilkin mərhələsi ləngidi».

Robert qardaş sözünə davam edir: «Bir ilin içində layihənin ilkin mərhələsinin 40 faizini bitirə bildik!»

Şübhə yoxdur ki, Yehova bu tikintini dəstəkləyir. Dua edirik ki, Ağamız Məsihin yeni əmlakı Yehova Allaha şərəf gətirsin və Onun xalqının fəaliyyətinə kömək etsin (Mətta 24:47).

a Konqo Demokratik Respublikası (Kinşasa) filialı Konqo Demokratik Respublikasında və Konqo Respublikasında teokratik fəaliyyətimizə nəzarət edir.