Kontentə keç

24 İYUN 2020
KONQO DEMOKRATİK RESPUBLİKASI

Konqo (Kinşasa) filialının ərazisində bacı-qardaşlar pandemiya, daşqın və silahlı qarşıdurmalardan əziyyət çəkir

Konqo (Kinşasa) filialının ərazisində bacı-qardaşlar pandemiya, daşqın və silahlı qarşıdurmalardan əziyyət çəkir

Pandemiyadan əlavə, Konqo Demokratik Respublikasının və Konqo Respublikasının bəzi ərazilərində bacı-qardaşlar daşqından və səngimək bilməyən silahlı qarşıdurmalardan əziyyət çəkirlər. Bu iki ölkədə təbliğ xidmətinə nəzarət edən Konqo (Kinşasa) filialı onlara maddi və ruhani yardım göstərir. Bunun üçün filial nəzdində olan bütün ərazilərdə 57 Zərərçəkənlərə yardım komitəsi təşkil edib. İndiyə qədər 90000-dən çox bacı-qardaş ərzaqla təmin edilib.

2020-ci il 16 və 17 aprel tarixlərində yağan şiddətli leysan yağışları nəticəsində baş vermiş daşqından sonra Konqo Demokratik Respublikasının şərq əyalətlərində 139 təbliğçi evlərini tərk etməli olub. Onlar dindaşlarının evlərində yerləşdirilib. Bu ərazidəki Zərərçəkənlərə yardım komitələri onlar üçün qalmağa müvəqqəti və daimi yer axtarır.

Bacı-qardaşlar yardım komitələrinə səxavətlə kömək edir. Belə ki, bir ərazidə təbliğçilər 700 kiloqram banan, 400 kiloqram qarğıdalı və 220 kiloqram kassava və kassava yarpağı ianə edib.

Bir yığıncağın 60 təbliğçisi silahlı qarşıdurmaya görə evlərini tərk etməli olan 50 bacı-qardaşımızı öz evlərində qəbul edib. Filialdan kömək gələnə qədər onlar zərərçəkənlərlə ərzaqlarını bölüşürdülər.

Konqo Respublikasının paytaxtı Brazzavil şəhərindən olan bir qardaş filialdan yardım alanda deyib: «Həyat bir göz qırpımında dəyişə bilər. Mənim işim var idi və mən kiçik məbləğdə əmək haqqı alırdım, yoldaşım isə hərdən işləyirdi. Dolanmaq üçün bu, bizə bəs idi. COVID-19 pandemiyası başlayanda gəlirimizi tamamilə itirdik. Lakin Yehovaya əminliyimizi itirmədik. Ərzağımız tükənəndə nə edəcəyimizi aramızda danışarkən Yehova bizə kömək əlini uzatdı».

Kinşasa şəhərindən olan dul bacımız Mbuyi Ester isə deyib: «Bir ay bundan əvvəl ərim vəfat etdi. Çox pis vəziyyətdə idim və köməyə ehtiyacım var idi. Əlimdə üç uşaqla qalmışdım, pul da yox idi. Biz heç vaxt bizə uzun müddətlik bəs edəcək bu qədər ərzaq tapa bilməzdik. Yehovaya şükürlər olsun!»

Biz dua edirik ki, Yehova bundan sonra da bacı-qardaşların qayğısına qalsın və yardım komitələrinin işini avand etsin. Necə də gözəldir ki, tezliklə yer üzündə yaşayan hər kəsin bol qidası olacaq! (Zəbur 72:16).