Kontentə keç

25 İYUL 2017
KONQO DEMOKRATİK RESPUBLİKASI

Yehovanın Şahidləri Konqodakı silahlı qarşıdurmanın qurbanlarına humanitar yardım göstərir

Yehovanın Şahidləri Konqodakı silahlı qarşıdurmanın qurbanlarına humanitar yardım göstərir

Belinda (soyadı təhlükəsizlik baxımından açıqlanmır) Dundodakı (Anqola) bir xəstəxanada üç uşağı ilə birlikdə. Onun əri Konqoda həyatını itirib, bir qızı isə itkin düşüb. Belinda və ən balaca ikiyaşlı qızı Ritina tüfəng atəşindən xəsarət alıb və qızının bir ayağının amputasiya olunması lazım gəlib. Digər bir qızı bıçaq hücumu zamanı yaralanıb.

KİNŞASA (Konqo). Yehovanın Şahidləri Konqo Demokratik Respublikasının Kasai bölgəsində baş verən terror aktından zərərçəkmiş dindaşlarına yardım tədarükü ilə və qayğı göstərməklə dəstək oldu. Konqodakı bu nizamsız etnik qarşıdurmalar, silahlı dəstələr və mülki iğtişaşlar 1,3 milyondan çox insanı özünə ehtiva edən bir qaçqın böhranına gətirib çıxardı. Bu qaçqınların 30000-dən çoxu Kasaidən qonşu ölkə Anqolaya qaçıb xilas oldu. Şiddətli hücuma məruz qalmış və Anqolaya çatan qaçqınların əksəriyyətinin bədənində ağır bıçaq və güllə yarası, eləcə də yanıq yarası olduğuna görə onlara tibbi yardım göstərmək lazım gəldi. Son hesabatlara görə, Anqoladakı qaçqınların 870-dən çoxu Yehovanın Şahidi və onların körpə balalarıdır. Onlardan ən azı 10-u ağır yaralanıb. Təəssüflər olsun ki, 22 Yehovanın Şahidi həyatını itirib.

Yehovanın Şahidlərinin Anqoladakı filialının bir nümayəndəsi Anqola və Konqodan olan və bəziləri qaçqın olan ağsaqqallar qrupuna baş çəkir.

Yehovanın Şahidlərinin Kinşasadakı filialının nümayəndəsi Robert Elonqo deyir: «Bu qədər insanın, ələlxüsus balaca uşaqların bu iğtişaşların qurbanı olması bizi çox mütəəssir edir. Onlardan bəziləri sadəcə şiddətli iğtişaşın alovlandığı bir ərazinin yaxınlığında olduqları üçün hücuma məruz qalıb. İman bacı-qardaşlarımızın təhlükəsizliyi üçün çox narahatıq və ehtiyatı əldən verməsinlər deyə təkid edirik. Anqoladakı Yehovanın Şahidlərinin filialı ilə yanaşı, biz də lazımi materiallarla təmin etmək, emosional, xüsusilə də ruhani kömək göstərmək üçün əlimizdən gələn hər şeyi edirik».

Konqodakı silahlı iğtişaşlardan xilas olmaq üçün buraya gələn qaçqınlar daxma tikir.

Anqola və Konqodakı Yehovanın Şahidləri genişmiqyaslı və hələ də davam edən yardım işlərini görmək üçün təbii fəlakətdən zərərçəkənlərə yardım komitələri təsis etdi. 34 tondan artıq ianə edilən materiallar qaçqınlara göndərildi. Bunlara yorğan-döşək, pal-paltar, ayaqqabı, ərzaq və ağcaqanad örtüyü, eləcə də 525 kq tibbi ləvazimatlar daxil idi. Yehovanın Şahidi olan bir həkim də təcili tibbi yardıma ehtiyac duyan 135 nəfəri müayinə etmək üçün qaçqın düşərgəsinə baş çəkdi.

Üstəlik, Anqolada və Konqodakı filiallardan nümayəndələr də ruhani dəstək göstərmək üçün qaçqınlara baş çəkdi. Onlar məcburi köçkünlərin tələbatlarına uyğun Müqəddəs Kitab məruzələrinin səsləndiyi xüsusi görüşlər təşkil etdi. Portuqal dili Anqolanın ana dili olmasına baxmayaraq, qaçqınların tam faydalanması üçün ibadət görüşləri Konqonun dörd əsas dilindən biri olan tşiluba dilində keçirildi. Şəkildə bu görüşlərdən birini görmək olar.

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası Uorvikdə (Nyu-York) yerləşən baş idarədən ümumdünya Müqəddəs Kitab maarifləndirmə işinə edilən ianələrin bir qismini təbii fəlakətdən zərər çəkənlərə yardım işinə sərf edir.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Anqola: Tod Pekxam, tel.: +244923166760

Konqo Demokratik Respublikası: Robert Elonqo, tel.: +243815551000