18 İYUL 2018
KONQO DEMOKRATİK RESPUBLİKASI
Dindaşlarımız Konqonun şimal-şərqində baş verən iğtişaşdan qaçıb canlarını qurtarır
2017-ci ilin dekabr ayından bəri Konqo Demokratik Respublikasının İturi vilayətində hema və lendu tayfaları arasındakı daxili ixtilaflar bir sıra insanın ölümünə və on minlərlə insanın evini tərk etməsinə səbəb olub. Getdikcə kəskinləşən zorakılıq ucbatından zərərçəkənlər arasında çoxlu bacı-qardaşlarımız da var.
Minlərlə Konqo qaçqını iğtişaşlardan qaçıb xilas olmaq üçün Uqandaya sığındı. Onların arasında Konqo sərhədi yaxınlığındakı iki qaçqın düşərgəsində yaşayan 192 təbliğçi də var idi. Bundan əlavə, 2018-ci ilin iyun ayından etibarən 1098 Yehovanın Şahidi iğtişaşın baş verdiyi ərazidən qaçıb İturi əyalətinin paytaxtı Bunia şəhərinə sığındılar. Çox təəssüf ki, bir ər-arvad və valideynləri vəftiz olunmuş təbliğçilər olan üç uşaq səhhətlərinin ağırlaşması ucbatından həyatlarını itirib. Bununla belə, amansız qarşıdurmada öldürülənlər arasında bacı-qardaşlarımız yoxdur.
Bu iğtişaşdan qaçıb canını qurtaran çoxlu dindaşımızın evi qarət edildi və yandırıldı. Üstəlik, qardaşlarımızın yaşayış üçün əkib-becərdiyi məhsulun çoxu tələf edildi.
İğtişaş başlayan vaxtdan bəri iğtişaşın baş verdiyi ərazidən kənarda yaşayan təbliğçilər zərərçəkən dindaşlarına əməli yardım göstərdi. Bəziləri təbliğçilərin təhlükəsiz yerə təxliyyə oluna bilməsi üçün öz minik vəsaitlərini borc verdilər (məqalənin əvvəlindəki şəklə baxın). Bundan başqa, Buniadakı Yehovanın Şahidi olan 205 ailə kasıb olmalarına baxmayaraq, təxliyyə olunmuş dindaşları üçün qonaqpərvərlik göstərdi, onları pul və ərzaqla təmin etdi. Buniada olduqca böyük iki qaçqın düşərgəsi olmasına baxmayaraq, təxliyyə olunmuş təbliğçilərin hamısı yerli bacı-qardaşların evində yerləşdirildi (Məsəllər 17:17).
Konqo filialı bacı-qardaşlarımızın əsas ehtiyaclarını ödəmək üçün Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təsis etdi. Filialın bir nümayəndəsi zərərçəkən qardaşlarımıza baş çəkdi və onlara Müqəddəs Kitabdan təsəlli verdi.
Buniaya və başqa yerlərə qaçıb gedən bacı-qardaşlar evlərindən didərgin düşmələrinə baxmayaraq, yerli yığıncaqlarla birlikdə ibadət edir və xoş xəbəri başqaları ilə fəal şəkildə bölüşür. 2018-ci ilin fevral ayından aprel ayına kimi dindaşlarımız qaçqın düşərgələrində 270-dən çox Müqəddəs Kitab dərsinə başlayıb.
Dua edirik ki, Yehova Konqodakı bacı-qardaşlarımıza əmin-amanlıq verməyə davam etsin və zərərçəkən təbliğçilərə göstərilən yardımı bərəkətləndirsin. Hər birimiz Allahın Padşahlığının gələcəyi günü, Allahın xalqına «dinclik» və təhlükəsizlik bəxş edəcəyi vaxtı səbirsizliklə gözləyirik (Əşiya 32:17, 18).