24 MAY 2023
LATVİYA
Riqada kitab sərgisində latış dilində «Yeni Dünya Tərcüməsi» nümayiş olunub
2023-cü ilin mart ayının əvvəlində Latviyanın paytaxtı Riqada keçirilən kitab sərgisində 21 000-dən çox insan iştirak etdi. Bacı-qardaşlarımız bu sərgiyə COVID-19 pandemiyasından sonra birinci dəfə, ümumiyyətlə isə yeddinci dəfədir qatılır. Onlar 2020-ci ildə işıq üzü görən Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin latış dilində tam versiyasını böyük həvəslə sərgilədilər.
Sərgidə Allahın məxsusi adına, Yehova adına xüsusi diqqət yetirildi. Ziyarətçilər Yehova adının 1689-cu ildə nəşr edilmiş ilk latış dilində Müqəddəs Kitabda yer aldığını öyrənəndə çox təəccüblənirdilər. Onlar «Yeni Dünya Tərcüməsi»ndə Allahın adının 7000-dən çox yerdə bərpa olunduğunu öyrənəndə daha da məəttəl qalmışdılar.
«Yeni Dünya Tərcüməsi»nin digər məqamları da bir çoxlarının diqqətini çəkdi. Nəşriyyat sahəsində işləyən bir kişi Müqəddəs Kitabın yüksək keyfiyyətli materiallardan hazırlanmasını xüsusilə təriflədi. O bildirdi ki, bu kitabın gündəlik istifadə üçün nəzərdə tutulduğu göz qabağındadır.
Sərgidə Müqəddəs Kitabın bir nüsxəsini əldə edən başqa bir ziyarətçi isə demişdi ki, bu müasir, asan başa düşülən dildə tərcümə olunmuş «Yeni Dünya Tərcüməsi» onun çox xoşuna gəldi. O dedi ki, əvvəllər Müqəddəs Kitabı oxumağa cəhd edib, amma başa düşmək çətin olduğu üçün yarımçıq qoyub. İndi isə qızı ilə birlikdə «Yeni Dünya Tərcüməsi»ni oxumağı planlaşdırır. Üç gün davam edən sərgidə latış dilində «Yeni Dünya Tərcüməsi»nin 130-dan çox nüsxəsi paylandı.
Sərgidə iştirak edənlər başqalarına Müqəddəs Kitab və Onun müəllifi haqda məlumat almağa böyük məmnuniyyətlə kömək etdilər. Bir bacı sevinclə öz hisslərini bölüşdü: «İndiyə qədər heç vaxt bir neçə gün ərzində bu qədər insana Yehova adını tanımağa kömək etməmişdim!»
Hal-hazırda Latviyada 2100-dən çox təbliğçi var. Sevinirik ki, bu təbliğçilər və Allahın Kəlamı ilə maraqlanan çoxlu insanlar bu müasir tərcümədən faydalanır və Yehovaya daha da yaxınlaşır (Yaqub 1:17).