28 DEKABR 2023
MALAVİ
75 il əvvəl Malavidə fəaliyyət göstərməyə başlayan ilk filial
Əsl şücaətin tarixi
2023-cü ildə Malavidə Yehovanın Şahidlərinin ilk filialının açılışının 75 ili tamam oldu. Filial 1948-ci ildə Blantayr şəhərində açılmışdı.
Malavidə filial açılmazdan əvvəl orada Yehovanın Şahidlərinin fəaliyyətinə Cənubi Afrika filialı nəzarət edirdi. 1930-cu illərdən Malavidə Yehovanın Şahidlərinin sayı sürətlə artmağa başladı. Belə ki, 1934-cü ildə orada cəmi 28 Yehovanın Şahidi var idi, 1948-ci ildə isə bu say 5600-ü keçdi. Bu cür sürətli artıma görə 1948-ci il sentyabrın 1-i Blantayrda kirayə götürülmüş balaca bir mənzildə ilk filial fəaliyyətə başladı. 1958-ci ildə yeni Beytel binası tikilənədək filial həmin mənzildə fəaliyyət göstərdi.
1967-ci ilin oktyabr ayında hökumət nümayəndələri Malavidə Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoydu. Nəticədə, filial binası müsadirə olundu. Bununla belə, Malavidəki məsul qardaşlar ölkədə təbliğ işini təşkil edir və dindaşlarının qayğısına qalırdılar. Növbəti 26 il ərzində tutduqları bitərəf mövqeyə görə Yehovanın Şahidləri dəhşətli təqiblərə və olmazın zorakılıqlara məruz qaldılar. Həmin dövrdə bacı-qardaşlarımız həbs edilir, işgəncələrə məruz qalır və hətta öldürülürdü. Bəzi dindaşlarımız Mozambik, Zambiya və Zimbabve də daxil olmaqla, qonşu ölkələrə qaçmışdılar.
12 avqust 1993-cü ildə nəhayət qadağa aradan qaldırıldı. Qadağa zamanı bir neçə il bacı-qardaşlarımızın qayğısına qalan Zambiyadan olan qardaşlar növbəti iki il ərzində Malavidə fəaliyyətimizi təşkil etməyə kömək etdilər. Sonra qardaşlar Malavi filialı üçün Lilonqve şəhərində iki bina aldılar. 1994-cü ildə Rəhbərlik Şurası yeni Beytelin tikintisi üçün münasib əmlakın alınması üçün layihəni təsdiqlədi. 19 may 2001-ci ildə filialın həsrolunmasında 2000-dən çox bacı-qardaşımız iştirak etdi. Onların çoxu onilliklər ərzində təqiblərə sədaqətlə dözənlər idi. Həsrolunmada iştirak edənlərdən biri qadağa zamanı rayon nəzarətçisi kimi xidmət edən Trofim Nsomba qardaş idi. Yeni filial binalarının və ölkədə Yehovanın Şahidlərinin sayındakı artımı görən qardaş deyir: «Yehovanın bizə bəxş etdiyi bu nemətlər əsl möcüzədir! Həyat yoldaşıma və mənə bunlar yuxu kimi gəlir!»
Hal-hazırda Malavidə 1924 yığıncaq var. Bacı-qardaşların sayı isə 109 000-dən çoxdur. Lilonqvedəki Malavi filialında 225 bacı-qardaş xidmət edir. Orada Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz 7 dilə tərcümə olunur.
Yehovaya dua edirik ki, onilliklərdi əsl dözüm göstərərək Ona sədaqətlə xidmət edən Malavidəki bacı-qardaşlarımıza bundan sonra da bol xeyir-bərəkət versin (2 Korinflilərə 6:4).