Kontentə keç

29 MAY 2020
MALAVİ

Tele- və radioyayım sayəsində Malavidə yığıncaqları milyonlarla insan izləyir

Tele- və radioyayım sayəsində Malavidə yığıncaqları milyonlarla insan izləyir

Malavi filial komitəsi yığıncaq görüşlərinin yerli televiziya və radio vasitəsilə yayımını təşkil edib. Yığıncaq proqramlarına baxan yalnız bizim bacı-qardaşlar deyil. Malavidə Yehovanın Şahidlərinin sayı 100000-dən çoxdur, lakin hesablamalara görə, görüşlərin yayımlandığı həftəsonları proqrama televiziya vasitəsilə baxanların sayı iki milyona, radio vasitəsilə qulaq asanların sayı isə səkkiz milyona çatır.

Digər ölkələrdə olduğu kimi, Malavidəki bacı-qardaşlar da fiziki məsafəni gözləmək tələbinə görə görüşlərini hal-hazırda ibadət evlərində keçirmir. Əksər təbliğçilərin ya televizoru, ya da radiosu var. İnternetə qoşulmaq və ya videokonfrans proqramından istifadə etmək imkanı olmayanlar tele- və radioyayım vasitəsilə yığıncaq görüşlərinə baxır və ya qulaq asır.

Yığıncaq görüşləri ölkənin əsas dili olan çiçeva dilində yayımlanır. Yığıncağın televiziya proqramı sinxron olaraq Malavi jest dilinə tərcümə edilir. Nitqdən əlavə, videolarımız və Müqəddəs Kitabın bədii qiraəti də göstərilir. Proqramın sonunda tamaşaçılar və dinləyicilər digər dillərdə əlavə məlumat üçün jw.org saytına daxil olmağa təşviq edilir.

Bu proqramlar Yehovanın Şahidləri barədə bəzi yanlış məlumatlara aydınlıq gətirib. Bir kişi yazıb: «Son bir neçə həftə radio vasitəsilə təbliğinizə qulaq asıram. Təbliğiniz insanların sizin barədə yaydığı yalanları üzə çıxarır. Sizin təbliğiniz digər dinlərin təbliğindən çox fərqlənir, çünki ürəklərə təsir edir!» Bu kişi ailəsi ilə birgə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başlayıb.

Malavi filialının Məlumat xidmətinin nəzarətçisi Avqustin Semo deyib: «Tele- və radioyayım sayəsində bacı-qardaşlar Allaha ibadət etməyə davam edir. Bu verilişlərin köməyilə Yehovanın Şahidləri olmayan insanlar Müqəddəs Kitab təlimləri ilə tanış olur. Ümid edirik ki, Malavidə vəziyyət düzələndə ibadət evlərimizdə çoxlu yeni insanlar görəcəyik».

Biz çox şadıq ki, həm Yehovanın Şahidləri, həm də digər insanlar bu çətin günlərdə ruhani qida ilə təmin olunur. Bütün bunlar bizə ruhani qida verən sadiq nökərə görə minnətdarlığımızı daha da artırır (Mətta 24:45).