Kontentə keç

5 MAY 2022
MALAVİ

Yao dilində «İncilin Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

Yao dilində «İncilin Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

2022-ci il aprelin 24-ü Malavi filialın komitə üzvü Frenk Medsen yao dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin elektron versiyasının işıq üzü gördüyünü elan etdi. Qabaqcadan yazıya alınmış proqramı peyk televiziyası vasitəsilə və digər platformalarda, məsələn, JW Box və JW Stream-də 148 000 nəfər izlədi. Kitabın çap formatı gələcəkdə hazır olacaq.

Yao dilində bütöv Müqəddəs Kitab 2014-cü ildən mövcuddur. Amma həmin tərcümədə bəzi qeyri-dəqiq məlumatlar var. Həmçinin orijinal mətndə Allahın adı, yəni Yehova adı minlərlə dəfə yazılsa da, bu tərcümədə yazılmayıb.

Yao dilinə tərcümə edən tərcümə ofisi Namverada (Manqoçi rayonu) yerləşir

Buna görə də təbliğçilərə bu Müqəddəs Kitabı təbliğdə istifadə etmək çətin idi. Bir tərcüməçi demişdi: «Vaxtımızın çoxu insanlara Allahın adının Müqəddəs Kitabda nəyə görə yazılmadığını izah etməyə gedirdi. Halbuki biz bu vaxtı Allahın adını bilməyin nə dərəcədə vacib olduğunu öyrətməyə sərf edə bilərdik». Məsələn, yao dilindəki bir Müqəddəs Kitabda Mətta 22:44 ayəsi belə tərcümə edilib: «Rəbb, Mənim Rəbbimə dedi». «Yeni Dünya Tərcüməsi»ndə isə bu ayə daha dəqiq tərcümə olunub: «Yehova Ağama dedi».

Yeni tərcümənin müsbət tərəfləri haqda başqa bir tərcüməçi isə demişdi: «Yao dilində “İncilin Yeni Dünya Tərcüməsi” aydın və başa düşülən olduğu üçün insanlar orada yazılanları tez başa düşəcək və bu onları oxuduqlarına əməl etməyə təşviq edəcək».

Biz şadıq ki, bu Müqəddəs Kitab sayəsində milyonlarla yaodilli insan Haqq-Taala Yehovanın adını öyrənəcək və Ona yaxınlaşa biləcək (Zəbur 83:18).